Marko Yankoviç: “Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim” - VİDEO

Xəbərlər
6 Yanvar 2026 11:36
108
Marko Yankoviç: “Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim”

“Mən hər şeyə geniş prizmadan baxıram. Klubun sistemi, baş məşqçinin ideyaları və futbolçu keyfiyyəti üst-üstə düşməlidir. Karyeramın ən yaxşı oyunlarını məhz “Qarabağ”da keçirdiyimə inanıram”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç “Mozzart Sport” portalına açıqlamasında deyib.

Futbolçu bildirib ki, klub onu Monteneqro millisində çıxışları zamanı, xüsusilə Marko Veşoviçi izləyərkən tanıyıb. M.Yankoviç deyib ki, həmin vaxtdan “Qarabağ”ın ciddi sistemi və prinsipləri olan klub olduğunu bilib.

Monteneqrolu yarımmüdafiəçi baş məşqçisi Qurban Qurbanov haqqında isə yüksək fikirlər səsləndirib:

“Onun haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da keçir. “Qarabağ” hər kəs üçün olan bir klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.

Nəşr yazıb ki, doğma şəhəri uzun müddət işğal altında olduğu üçün ev oyunlarını Bakıda keçirən “Qarabağ” Avropa matçlarında 30 mindən çox azarkeş toplayır. Marko Yankoviç klubun son illər Avropada populyarlığının xeyli artdığını, lakin daxili çempionatda tribunaların daha boş olduğunu da vurğulayıb.

Marko Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Gələcəyi ilə bağlı isə o, belə deyib:

“Ən uzun dövrü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. “Qarabağ”dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.

Xatırladaq ki, 2022-ci ildən “Qarabağ”da çıxış edən Marko Yankoviçin başqa klublardan təkliflər alması ilə bağlı xəbərlər yayılıb.

İdman.Biz