Azərbaycan İkinci Liqasında “Xankəndi” futbol klubunun baş məşqçisi İbrahim Uzuncanın gözlənilməz istefasının detalları məlum olub.
Komandanın kapitanı Əziz Hüseynov İdman.Biz-ə açıqlamasında bildirib ki, türkiyəli mütəxəssis bundan sonra klubda uşaq futboluna rəhbərlik edəcək və koordinator vəzifəsinə təyin olunub.

“Bundan sonra İbrahim Uzunca klubda uşaq futboluna cavabdeh olacaq və “Xankəndi”də yaradılan futbol akademiyasının koordinatoru təyin edilib. Məsələ burasındadır ki, baş məşqçimiz eyni vaxtda iki işdə çalışırdı və fiziki cəhətdən buna tab gətirməkdə çətinlik çəkirdi. Klub rəhbərliyi də qərara gəldi ki, o, yeni vəzifəsində məhz uşaq futbolu üzrə mütəxəssis kimi daha faydalı olacaq”, - deyə Əziz Hüseynov bildirib.
O fikrini davamında söyləyib ki, klub hazırda üç futbol mütəxəssisi ilə danışıqlar aparır və yaxın zamanda seçim edəcək.
“Əlavə olaraq onu deyə bilərəm ki, komandanın yeni baş məşqçisi yerli mütəxəssis olacaq, əcnəbi yox. Biz birinci liqaya yüksəlməyi və orada uğurla çıxış etməyi planlaşdırdığımız məşqçi ilə çalışmaq niyyətindəyik”, – deyə “Xankəndi”nin kapitanı qeyd edib.
Qeyd edək ki, “Xankəndi” hazırda turnir cədvəlində 39 xalla ikinci pillədə qərarlaşıb. Komandanın xalı lider “Qaradağ Lökbatan”la eynidir.
Vüqar Vüqarlı
14:05
İbrahim Uzunca ilə yolları ayıran “Xankəndi” yeni baş məşqçi axtarışına çıxıb.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, rəhbərlik komandanın “sükanı arxasına” klubun iddiasına cavab verəcək mütəxəssis dəvət etmək niyyətindədir.
Bildirilib ki, qarşısına Birinci Liqaya yüksəlmək məqsədi qoyan klubun ilk namizədi İkinci Liqada əsas rəqibi olan “Qaradağ Lökbatan”ın çalışdırıcısı Qəzənfər Abbasov olub. Rəsmilər hətta bununla bağlı sumqayıtlı məşqçiyə təklif göndəriblər. Ancaq Q.Abbasov hazırkı iş yerindən ayrılmaq istəmədiyini, qəsəbə təmsilçisində hər şeyin onu qane etdiyini bildirib.
Hazırda boş qalan posta əsas namizəd mövsümün gedişində “Şəmkir”dən ayrılan Vüqar Nadirovdur. Artıq V.Nadirovla danışıqlar yekunlaşıb və fors-major yaşanmasa yaxın günlərdə onun təyinatı ictimaiyyətə açıqlanacaq.
10:00
Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan İkinci Liqasında çıxış edən “Xankəndi” komandasının baş məşqçi vəzifəsindən ayrılıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.
O, “Xankəndi” Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.
