Elvin Camalov “Neftçi” ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt klubundan sportinfo.az saytına bildirilib.
Məlumata görə, Yuri Vernidub ona daha bir şans tanımaq niyyətindədir.
Baş məşqçi cari mövsüm əsas heyətdə yerini itirən dayaq yarımmüdafiəçisini BƏƏ-də təşkil olunacaq təlim-məşq toplanışında sonuncu dəfə nəzərdən keçirmək qərarına gəlib.
Məhz oradakı yoxlama görüşlərinə əsasən müəyyənləşdirəcək ki, Camalov ona lazımdır, ya yox.
Camalov məhz bu səfərdən sonra “Qəbələ”yə qayıda bilər. Ötən ilin əvvəlində “Sabah”dan dəvət olunan 30 yaşlı orta sahə oyunçusu “Qəbələ”dən 2019-cu ildə ayrılıb.
Samir Abasovun çağırışı ilə “Neftçi”yə gəlmiş Camalov ötən mövsümün ikinci yarısında əsas heyətdə tez-tez görünsə də, bu mövsüm ilk hissəsini boşa verib.
Oyunçuya tövsiyə olunub ki, 6 aylıq icarə əsasında “Qəbələ”yə qayıtsın. Nəzərinə çatdırılıb ki, yetişdiyi kluba dönərsə, daha çox oynamaq şansı qazanacaq, nəinki başqa yerə getsə.
