“Komanda ilə bağlı hazırlıqlarımıza ayın 10-dan sonra başlayacağıq. Dörd-beş futbolçu transfer etməyi planlaşdırırıq. Onların arasında həm Birinci, həm də İkinci Liqadan oyunçular var”.
Bu sözləri Azərbaycan İkinci Liqa təmsilçisi “Xankəndi”nin baş məşqçisi İbrahim Uzunca deyib.
Mütəxəssis 39 xalla eyni xala malik “Qaradağ Lökbatan”dan yalnız top fərqinə görə geri qaldıqları üçün fasiləyə ikinci pillədə yollanmalarının səbəblərindən danışıb, heyəti gücləndirəcəklərini bildirib:
“Bizim əsas hədəfimiz mövsümü birinci pillədə başa vurmaq və Premyer Liqaya yüksəlməkdir. İlk dövrədə hədəflədiyimiz mövqedəyik. Top fərqinə görə ikinci yerdə fasiləyə yollandıq. Son oyun bir qədər çətin keçmişdi. “Şəki”nin rəqibimiz “Qaradağ Lökbatan”la oyuna çıxmaması, lakin bizimlə qarşılaşması turnir cədvəlindəki mövqeyimizə birbaşa təsir göstərdi. Mövsümün sonunda çempionluq medalını sinəmizə taxacağımıza inanırıq. Bütün hazırlıqlarımız bu istiqamətdədir. İnamımız böyükdür, başqa heç bir düşüncəmiz yoxdur”, - deyə futbolinfo.az-a açıqlamasında deyib.
