Elvin Məmmədov: “Onlar da “Qarabağ”a maneçilik törədə bilər” - MÜSAHİBƏ

Müsahibə
27 Dekabr 2025 13:55
55
Elvin Məmmədov: “Onlar da “Qarabağ”a maneçilik törədə bilər” - MÜSAHİBƏ

“Birinci turdan təxirə salınmış “Sabah” - “Qarabağ” matçını qeyd edərdim. Həqiqətən də, çox maraqlı, sürətli və yaxşı oyun oldu”.

Bunu Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Misli Premyer Liqada yarım mövsüm ərzində sizi müsbət və mənfi mənada təəccübləndirən komandalar hansılar oldu?

– Müsbət mənada “Sumqayıt” fərqləndi. Yaxşı və baxımlı futbol oynayırlar. Nəticə baxımından mənfi mənada təəccübləndirən isə “Qəbələ” oldu. Çünki bu komanda yaxşı oyun nümayiş etdirir. Amma əksəriyyəti təcrübəsiz futbolçu olduğuna görə, davamını gətirə bilmirlər.

– Sizə görə, ilk yarıda ən uğurlu performans göstərən legioner kim oldu?

– Coy-Lens Mikelsi qeyd edərdim. “Sabah”ın “20 nömrəsi” həm göstərdiyi oyunla, həm də vurduğu qollarla komandasına çox xeyir verdi.

– Bəs ilk yarının ən uğurlu yerli futbolçusu kimi hesab edirsiniz?

– “Qarabağ”dan çox yerli futbol oynadan yoxdur. Buna görə də “Qarabağ”dakı yerli futbolçuları deyərdim: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov və Nəriman Axundzadə.

– İlk yarının sizin üçün ən yaddaqalan matçı hansı oldu?

– Birinci turdan təxirə salınmış “Sabah” - “Qarabağ” matçını qeyd edərdim. Həqiqətən də, çox maraqlı, sürətli və yaxşı oyun oldu.

– Necə düşünürsünüz, “Sabah” mövsümün sonuna qədər liderliyini qoruya biləcək? Yoxsa yenə çempion “Qarabağ” olacaq?

– “Sabah” son oyunlarda aldığı xallarla liqaya, çempionluq mübarizəsinə maraq qatıb. “Sabah”la yanaşı, “Zirə” və “Sumqayıt”ın sərgilədiyi oyun da “Qarabağ”a maneçilik törədə bilər.

– Bir gənc məşqçi kimi hazırda Misli Premyer Liqada çalışan mütəxəssislərdən hansından daha çox bəhrələnirsiniz? Kimin tətbiq etdiyi oyun üslubunu daha çox bəyənirsiniz?

– Əlbəttə ki, Qurban Qurbanovun adını çəkəcəyəm. Nə yaxşı ki, mənim məşqçim olub. Onun yanında həmişə nələrisə öyrənməyə çalışmışam.

– Hazırda Misli Premyer Liqada çıxış edən futbolçulardan kim öz oyun üslubu ilə sizə özünüzü xatırladır?

– Bu suala cavab verməyim yaxşı çıxmaz. Azarkeşler üçün mən yaxşı və ya pis futbolçu sayıla bilərəm. Ona görə də kimisə özümə bənzətməyimi düz hesab etmirəm. Hər bir futbolçuya uğurlar və zədəsiz futbol həyatı arzu edirəm.

İdman.Biz