Türkiyə futbolunda aparılan mərc istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barədə saxlanılma qərarı verilib. Saxlanılanlar arasında “Qalatasaray” klubunun keçmiş rəhbərlərindən olan Erden Timur da yer alır.
İdman.Biz xəbər verir ki, aparılan əməliyyat nəticəsində barəsində saxlama qərarı çıxarılan bir şübhəlinin başqa cinayətə görə həbsxanada olduğu müəyyən edilib, dörd nəfərin tutulması istiqamətində isə işlər davam edir.

Altı şübhəli 26 oktyabr 2024-cü il tarixində keçirilmiş “Kasımpaşa” - “Samsunspor” matçının nəticəsinə təsir etmək məqsədilə mərc oynamaqda ittiham olunur.

Saxlanılanlar arasında “Eyüpspor” klubunun vitse-prezidenti Fatih Kulaksız, futbolçular Bahattin Berke Demircan, Doğukan Çınar, Ergün Nazlı, Eyüp Can Temiz, Furkan Demir, Gökhan Payal, Hamit Bayraktar, Hüseyin Aybars Tüfekci, İbrahim Yılmaz, İlke Tankul, İsmail Karakaş, Mert Aktaş və Tufan Kelleci, Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr və Milli Komandalar üzrə inzibati direktoru Buğra Cem İmamoğulları, Figen Özkaya, Emrah Günaydı, Burak Söyleyen, Ecem Alkaş, Esat Bilayak, Mirza Şerifoğlu, Hakan Çakır, Serhat Ölmez, Umut Esel və Burcu Kurt var. Enes Bartanın isə həbsxanada olduğu bildirilib.
Prokurorluğun məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada belə deyilir:
“Cumhuriyyət Baş Prokurorluğumuz tərəfindən aparılan və ictimaiyyətdə “Futbolda Mərc İstintaqı” kimi tanınan araşdırma çərçivəsində mərc saytlarından əldə olunan məlumatlar, açıq mənbə araşdırmaları, Peşəkar Futbol İntizam Komitəsinin qərarları, telefon əlaqələrinin təhlili və əvvəlki iki əməliyyat zamanı ələ keçirilmiş rəqəmsal materialların incələnməsi nəticəsində əldə edilən sübutlara əsasən hərəkətə keçilib.”
