Fransa millisinin sabiq futbolçusu, 1998-ci il dünya çempionu Frank Leböf hesab edir ki, hazırda İspaniyanın “Real Madrid” komandasında çıxış edən Kilian Mbappe Fransa futbol tarixinin ən böyük siması kimi Zinəddin Zidanın səviyyəsinə çata bilməyəcək.
İdman.Biz xəbər verir ki, Leböf GOAL-a verdiyi müsahibədə belə deyib.
“Fərqli dövrləri və karyeraları müqayisə etmək çətin olsa da, Zidan təkcə böyük futbolçu yox, həm də xalqın sevimlisi olub və bu statusa Mbappe heç vaxt çata bilməyəcək”, - deyə dünya çempionu vurğulayıb.
Onun sözlərinə görə, hətta Mbappenin Fransa millisində ikinci dəfə dünya çempionu olması və yığmanın tarixinə ən çox qol vuran futbolçu kimi düşməsi belə, onu sıralamada Zidanın üzərinə çıxarmır. Leböf vurğulayıb ki, Zidan 2006-cı il hadisələrinə baxmayaraq həmişə hörmət edilən və sevilən fiqur olub.
Sabiq futbolçu bildirib ki, Mbappenin şəxsi həyatında yaşanan bəzi mübahisəli məqamlar fransız ictimaiyyətinin bir hissəsində ona qarşı mənfi münasibət yaradıb və bu da onun ikonaya çevrilməsinə mane olur.
Leböf əlavə edib ki, fransız futbolunun digər böyük simaları Mişel Platini və Raymon Kopa olaraq qalır və Mbappenin tarixdəki yeri yalnız karyerasını başa vurduqdan sonra obyektiv qiymətləndirilə bilər.
O, eyni zamanda “Real”ın hücumçusunun oyun səviyyəsinə hörmət etdiyini, lakin ondan daha çox komanda oyunu, topsuz hərəkət və tərəfdaşlara dəstək gözlədiyini də qeyd edib.
