“Fənərbağça” prezidenti ilə bağlı ziddiyyətli xəbər dolaşır

Xəbərlər
24 Dekabr 2025 12:05
70
“Fənərbağça” prezidenti ilə bağlı ziddiyyətli xəbər dolaşır

Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran barəsində aparılan istintaq çərçivəsində ekspertiza nəticələri ilə bağlı mediada ziddiyyətli məlumatlar yayılıb.

İdman.Biz DHA agentliyinə istinadla xəbər verir ki, narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində Ədliyyə Tibb Qurumuna göndərilən Sadettin Saranın saç nümunəsində kokain maddəsinə dair müsbət nəticə qeydə alınıb və hesabat İstanbul Respublika Baş Prokurorluğuna təqdim edilib.

Eyni zamanda, “Anadolu” agentliyi isə həmin araşdırma çərçivəsində Saranın qan, sidik və dırnaq nümunələrində test nəticələrinin mənfi olduğunu bildirib.

Xatırladaq ki, Sadettin Saran bu araşdırma çərçivəsində şübhəli qismində ifadə vermək üçün İstanbul Respublika Baş Prokurorluğuna çağırılmış, daha sonra Ədliyyə Tibb Qurumuna yönləndirilmiş və orada ondan müxtəlif tibbi nümunələr götürülmüşdü. Prosedurlardan sonra o, sərbəst buraxılmışdı.

Həmin gün hüquq-mühafizə orqanları tərəfindən Saranın evində də axtarış aparıldığı, lakin bu barədə rəsmi şəkildə ictimaiyyətə açıqlanan detallı məlumatın olmadığı qeyd olunur.

Sadettin Saran azadlığa buraxıldıqdan sonra “Eyüpspor” - “Fənərbağça” matçını stadionda izləyib və qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib:

“Mən dünyanın ən yaxşı insanıyam? Xeyr. Qüsursuzam? Xeyr. Cinayət törətmişəm? Xeyr. Dövlət bizi çağırsa, dərhal gələrəm. Başqaları kimi deyiləm. Verə bilməyəcəyimiz heç bir hesab yoxdur”.

İdman.Biz