İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ruben Amorim “Free Mainoo” yazılı köynəklə bağlı yaranan müzakirələrə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis gənc yarımmüdafiəçinin bu mövzuda məsuliyyət daşımadığını vurğulayıb.
Amorim Kobbi Mainunun xarakterinə və meydandakı davranışına diqqət çəkib:
“Kobbi utancaq oğlandır, amma bu onun məsuliyyəti deyil. O yalnız öz hərəkətlərinə cavabdehdir və son oyundakı hərəkəti yaxşı oynamaq idi. Mən də yalnız buna fokuslanmışam. Bu köynək hekayəsinin Kobbi ilə heç bir əlaqəsi yoxdur”.
O, Mainunun ehtiyatda saxlanılması ilə bağlı iddiaları da təkzib edərək rotasiyanın yanlış şərh olunduğunu bildirib:
“Mən demək istəmirəm ki, Kobbi böyük oyunçudur. Ya da onu ehtiyatda saxlayım ki, nəsə sübut edim. Əksinə, bəlkə növbəti oyunda oynayar, yaxşı çıxış edər və hamıya göstərər ki, bu futbolçunu komandadan çıxarmaq mümkün deyil. Mən də bundan çox məmnun olaram”.
Qeyd edək ki, “Mançester Yunayted” azarkeşləri Mainunun bəzi oyunlarda ehtiyatda qalmasına etiraz olaraq stadionda və sosial şəbəkələrdə “Free Mainoo” yazılı köynəklər geyiniblər.
Baş məşqçi “Mançester Yunayted”in yanvar ayı planlarına da toxunub:
“Nəsə etməyimiz mümkündür. Biz yalnız gələcək üçün uyğun hesab etdiyimiz futbolçuları gətirməyə çalışacağıq. Afrika Millətlər Kuboku ilə bağlı itkiləri kompensasiya etmək üçün transfer etməyəcəyik. İndi və iyulda kluba uzunmüddətli perspektivdə uyğun olan oyunçuları cəlb etməyə çalışacağıq”.
