“Maklaren”in pilotu Lando Norris demensiya ilə mübarizəyə həsr olunmuş xeyriyyə təşəbbüsünə qoşulub. O, bütün hazırkı və sağ olan dünya çempionlarının imzasını toplayan əfsanəvi dəbilqəni imzalayan 21-ci çempion olub.
İdman.Biz xəbər verir ki, aksiya üçqat dünya çempionu, ser Ceki Stüart tərəfindən onun “Race Against Dementia” adlı xeyriyyə fondu çərçivəsində təşkil edilib.
Toplanan imzalarla unikal hala gələn dəbilqə xeyriyyə lotereyasının əsas mükafatı olacaq və əldə edilən vəsait demensiyanın profilaktikası və müalicəsi üzrə qabaqcıl elmi araşdırmalara yönəldiləcək.
Məlumata görə, lotereyanın qalibləri artıq 2025 mövsümünün Əbu-Dabi Qran-prisinə səfər etmək imkanı qazanıblar. İndi isə onlara dünya çempionlarının imzası olan həmin dəbilqə təqdim olunacaq.
Ceki Stüart fondun mətbuat açıqlamasında şəxsi hisslərini də bölüşüb:
“Demensiya həyatımda qarşılaşdığım ən böyük sınaqdır, trasda yaşadıqlarımdan qat-qat ağırdır. Həyat yoldaşım Helenin bu xəstəliklə yaşaması məni müalicə uğrunda daha qətiyyətli edib”.
Əbu-Dabi Qran-prisinin yekununa əsasən ümumi hesabda qalib gələrək Formula-1 tarixində 35-ci dünya çempionu kimi qeyd olunan Lando Norris bu dəbilqədə son imzanı atıb. Təşəbbüsü dəstəkləyən digər çempionlar arasında Maks Verstappen, Fernando Alonso, Mixael Şumaxer, Alen Prost, Kimi Raikkonen, Jenson Button, Sebastian Vettel, Niko Rosberq və Luis Hamilton də yer alır.
