Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Elie Vahinin adı “Qalatasaray”ın transfer planlarına daxil edilib.
İdman.Biz xəbər verir ki, tanınmış jurnalist Ekrem Konurun məlumatına əsasən, 22 yaşlı hücumçu “Qalatasaray”a icarə əsasında transfer oluna bilər.
İstanbul klubu futbolçunu satınalma opsiyası ilə heyətinə qatmaq niyyətindədir. Lakin “Ayntraxt” rəhbərliyi yalnız satınalma şərti olmayan icarə variantına razıdır.
Qeyd edək ki, Elie Vahiyə maraq göstərən klublar arasında İtaliyanın “Napoli”, İspaniyanın “Atletiko Madrid” və Almaniyanın “Borussiya Dortmund” klubları da var ki, bu da “Qalatasaray” üçün ciddi rəqabət yaradır.
Xatırladaq ki, Elie Vahi 2025-ci ilin yanvarında Fransanın “Marsel” klubundan “Ayntraxt”a 26 milyon avro (təxminən 48,1 milyon AZN) qarşılığında transfer olunub. Hücumçu Frankfurt təmsilçisinin heyətində indiyədək 25 oyunda meydana çıxaraq 1 qol və 3 assistlə yadda qalıb.
Futbolçunun “Ayntraxt”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. “Transfermarkt” portalına görə, Elie Vahinin hazırkı bazar dəyəri 18 milyon avro (təxminən 33,3 milyon AZN) olaraq qiymətləndirilir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” evdə “Ayntraxt” komandasını qəbul edəcək. Oyun 2026-cı il yanvarın 21-də, saat 21:45-də baş tutacaq.
