İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden Londondakı dəbdəbəli malikanəsini ilkin qiymətdən xeyli ucuz satmağa məcbur qalıb. Futbolçu evi üçün əvvəl tələb etdiyi məbləği aşağı salıb.
İdman.Biz xəbər verir ki, dörd yataq otaqlı mülk ilkin olaraq 3,25 milyon funt-sterlinqə (təxminən 7 milyon AZN) satışa çıxarılıb. Lakin altı aydan çox müddətdə alıcı tapılmadığı üçün Foden qiyməti azaltmaq qərarına gəlib və hazırda villanı 2,9 milyon funt-sterlinqə (təxminən 6,2 milyon AZN) satır.
Qeyd olunur ki, malikanədə şəxsi kinoteatr, qapalı üzgüçülük hovuzu və beş vanna otağı mövcuddur. Buna baxmayaraq, əmlak bazarında gözlənilən maraq yaranmayıb.
Mənbə əlavə edir ki, Fil Foden artıq sevgilisi Rebeka Kuk və üç övladı ilə birlikdə daha sakit və gözlərdən uzaq kənd ərazisinə köçüb. Futbolçu yeni yaşayış yerində ailəsinin rahatlığını və məxfiliyini ön plana çıxarmağa üstünlük verib.
