“Qarabağ” - “Ayaks” oyununun hakimi hər iki klubla yaxşı tanışdır

Təhlil
8 Dekabr 2025 15:36
60
“Qarabağ” - “Ayaks” oyununun hakimi hər iki klubla yaxşı tanışdır

Çempionlar Liqasının əsas mərhələsinin altıncı turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Ayaks” matçına təyin olunan sloveniyalı hakim Rade Obrenoviç hər iki komanda ilə əvvəllər də qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Obrenoviç “Qarabağ”la 19 avqust 2021-ci ildə yollarını kəsdirib. Həmin vaxt o, Konfrans Liqasının pley-off raundunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” - “Aberdin” (1:0) görüşünün baş hakimi olub.

“Ayaks”ın da bu hakimlə təcrübəsi var. Sloveniya təmsilçisi 22 avqust 2024-cü ildə Avropa Liqasının təsnifat mərhələsində keçirilmiş “Yaqqelloniya” - “Ayaks” (1:4) oyununu da idarə edib.

Qeyd edək ki, Bakıda keçiriləcək qarşılaşmanı Sloveniya hakimlər briqadası idarə edəcək: Obrenoviçin köməkçiləri Yure Praprotnik və Qreqa Kordez olacaq. Dördüncü hakim Mateo Tozan, VAR hakimi Matey Yuq, AVAR isə Alen Boroşak təyin olunub. Matç 10 dekabr saat 21:45-də başlanacaq.

Teymur Tuşiyev

İdman.Biz