Kağız üzərində transferlər və 100 milyonluq tələb

Xəbərlər
8 Dekabr 2025 05:20
27
Kağız üzərində transferlər və 100 milyonluq tələb

Fransanın“Lion” klubunda illərdir davam edən maliyyə problemləri yeni qalmaqalla gündəmə gəlib. İddialara görə, reallaşmayan transferlərə görə klubdan 100 milyon avroya (185 milyon AZN) yaxın vəsaitin geri qaytarılması tələb olunur.

İdman.Biz xəbər verir ki, “L’Equipe” nəşrinin məlumatına əsasən, daha əvvəl kluba rəhbərlik edən iş adamı Con Tekstorun sahibi olduğu şirkət “Botafogo” ilə birlikdə qeyri-şəffaf sxem qurub. Sxemə görə, klublar futbolçuların transferi ilə bağlı sənədlər üzərində razılaşsalar da, bu keçidlər rəsmi qeydiyyata alınmayıb.

Məlumata görə, rəhbərlik investorları inandıraraq “gələcək satışlardan gəlir əldə olunacağı” vədi ilə əvvəlcədən vəsait cəlb edib. Nəticədə pullar “Lion”un hesabına köçürülüb, lakin transferlər rəsmiləşdirilməyib və futbolçular “Botafogo”da qalıb.

Bu prosesdə adı ən çox hallanan oyunçular İqor Jezus və Luis Enrikedir. Sonda isə Fransaya real olaraq yalnız Tyaqo Almada transfer olunub. Nəşr yazır ki, Tekstor bu yolla klubun maliyyə vəziyyətini süni şəkildə yaxşılaşdırmağa çalışıb, lakin plan baş tutmayıb.

Hazırda Con Tekstor artıq “Lion”dan uzaqlaşıb, investorlar isə verdikləri pulları geri tələb edirlər. Klub isə yenidən ciddi maliyyə təzyiqi və hüquqi problemlərlə üz-üzə qalıb.

İdman.Biz

Məqalədə: