Qırğızıstan klubunda oynayan azərbaycanlı futbolçu: “Ayxan Abbasov milliyə çağırmasa da, işimi görəcəyəm” - MÜSAHİBƏ + VİDEO

Müsahibə
20 Noyabr 2025 11:08
197
Qırğızıstan klubunda oynayan azərbaycanlı futbolçu: “Ayxan Abbasov milliyə çağırmasa da, işimi görəcəyəm” - MÜSAHİBƏ + VİDEO

“Ayxan Abbasovu yaxşı tanıyıram. O, bütün futbolçuları izləyir”.

Bunu Qırğızıstanın “Ozgon” klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Əliyev sport24.az-a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Klubda işləriniz necə gedir?

- ⁠Qırğızıstanda mövsüm başa çatıb. Çempionat artıq qurtarıb. Hazırda Bakıdayam. İstirahət edirəm.

- Yayda bu komandaya keçdiniz. Öz çıxışınızı necə dəyərləndirirsiniz?

- ⁠Məncə, yaxşıdır. Doqquz matçda yeddi qol vurmuşam. Bir də məhsuldar ötürməm var. Amma düşünürəm ki, daha da yaxşı ola bilərdi.

- Qırğızıstanın “Abdış-Ata” klubu azərbaycanlı futbolçular - İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb. Onlarla danışmısınızmı?

- ⁠Xeyr. Bu barədə onlarla söhbətim olmayıb.

- Sizdə durum necədir? Klubla yeni müqavilə imzalayacaqsınız?

- ⁠Mənə yeni sözləşmə təklif ediblər. Hazırda istirahətdəyəm. Yaxın zamanda qərar verəcəyəm.

- 9 oyunda 7 qol və 1 məhsuldar ötürmə pis deyil. Sizcə, niyə milli komandaya dəvət almadınız?

- ⁠Mənim çıxış etdiyim liqaya o qədər də önəm vermirlər. Amma buna baxmayaraq öz işimizə davam etməliyik.

- Ayxan Abbasov baş məşqçi təyin ediləndə təklif gözləyirdinizmi?

- ⁠Ayxan Abbasovu yaxşı tanıyıram. Gözləyək… Hər şeyi zaman göstərəcək. Bəlkə də dəvət olacaq. Çağırmasa da, öz işimi görəcəyəm.

- Sizcə, Azərbaycan Premyer Liqasında oynasaydınız, dəvət alardınız?

- ⁠Ola bilərdi. Çünki Ayxan müəllim bütün futbolçuları izləyir.

- Çıxış etdiyiniz çempionatın səviyyəsi necədir?

- ⁠Pis deyil. İnkişaf gedir, stadionlar tikilir. Keyfiyyətli futbolçular da var.

İdman.Biz