“Çox ciddi və səviyyəli rəqiblərə qarşı oynadıq. İslandiya və Fransa kimi komandalar daim böyük turnirlərə qatılır və stabil çıxış edirlər”.
Bunu Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə Bakıdakı matçda ilk dəfə əsas yığmanın formasını geyindiniz. Debütünüzü necə qiymətləndirirsiniz?
- Əsas millidə debüt etmək hər bir futbolçunun arzusudur və mənim üçün çox qürurverici an idi. İlk oyunumda çalışdım ki, baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirim və komandaya fayda verim. Bəzi epizodlarda daha yaxşı oynaya bilərdim, amma ümumi performansı müsbət qiymətləndirirəm. Bu, mənim üçün sadəcə başlanğıcdır.
- Evdə İslandiya (0:2) və Fransa (1:3) kollektivləri ilə keçirilən görüşlər barədə təəssüratlarınız necədir?
- Çox ciddi və səviyyəli rəqiblərə qarşı oynadıq. İslandiya və Fransa kimi komandalar daim böyük turnirlərə qatılır və stabil çıxış edirlər. Biz hər iki matçda maksimum intizamlı olmağa çalışdıq. Bəzi məqamlar istədiyimiz kimi alınmadı, amma komanda olaraq mübarizəmizi göstərdik və inkişaf əlamətlərini hiss etdik.
- Ayxan Abbasovun gəlişindən sonra sanki futbolçularda milli ruh formalaşıb. Amma önəmli olan həm də nəticədir. Uğur üçün nə qədər vaxt lazımdır?
- Dəyişikliklər heç vaxt bir gündə nəticə vermir. Ayxan müəllimin öz fəlsəfəsi var və biz tədricən onun istədiyi oyun üslubunu tətbiq etməyə başlayırıq. Komandadakı ab-hava çox yaxşıdır. Belə davam etsək, qısa müddətdə uğurlu nəticələr gələcək. Sadəcə səbir və inam lazımdır.
- Son iki rəqibin hansından xal alacağınıza inanırdınız?
- Hər iki oyuna xal qazanmaq məqsədilə çıxmışdıq. Futbolda heç bir rəqibə əvvəlcədən təslim olmaq olmaz. İslandiya ilə görüşdə şanslarımızın daha real olduğunu düşünürdük, amma istədiyimizi ala bilmədik. Fransa ilə oyunun isə daha çətin keçəcəyini bilirdik. Amma yenə də oyunun içində qalmaq və layiqli mübarizə aparmaq üçün əlimizdən gələni etdik.
- Hazırda belə bir fikir formalaşıb ki, Azərbaycan millisi müdafiə futbolu oynayır...
- Hazırkı vəziyyətdə kənardan belə görünə bilər ki, biz daha çox müdafiəyə meyilli oynayırıq. Amma məqsədimiz balanslı futbol göstərməkdir. Qarşılaşdığımız rəqiblər yüksəksəviyyəli olduğuna görə oyunun müəyyən hissələrində daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq. Əsas istəyimiz öz oyun üslubumuzu qorumaq və inkişaf etdirməkdir. Bunun nə dərəcədə alındığını isə zaman göstərəcək.
- Azərbaycan millisi gələn il UEFA Millətlər Liqasının D Divizionunda çıxış edəcək. C Liqasına yüksələ biləcəyinizə inanırsınız?
- Əlbəttə ki, inanırıq. Millətlər Liqası bizim üçün özümüzü göstərmək və reytinq qazanmaq baxımından real şansdır. Komandanın potensialı var və düzgün yanaşma ilə C Liqasına yüksələ biləcəyimizə əminik.
- Ayxan Abbasovun seçmə mərhələdən sonra da yığmada qalmağını istəyirsiniz?
- Mənim üçün əsas olan milli komandaya həqiqətən xeyir verə biləcək baş məşqçinin iş başında olmasıdır. Ayxan müəllim də bu kateqoriyaya daxil olan mütəxəssislərdəndir və ona böyük hörmətim var. Komandaya müsbət toxunuşlar edir, oyun üslubu futbolçulara fayda gətirir. Onunla işləməkdən məmnunam. Amma təbii ki, yekun qərar AFFA rəhbərliyinə aiddir.
