Qəzənfər Abbasov: “Bu fərqi aradan qaldırmaq üçün çox qol vurmağımız lazımdır”

Xəbərlər
19 Noyabr 2025 14:36
27
Qəzənfər Abbasov: “Bu fərqi aradan qaldırmaq üçün çox qol vurmağımız lazımdır”

“İlk dəqiqələrdən üstünlüyü ələ alıb erkən qollar vurmağı planlaşdırmışdıq ki, bu da alındı. Birinci yarının sonunda futbolçumuzun qırmızı vərəqə alması isə xoş olmadı və məcburi dəyişiklik etdik”.

Bu sözləri “Qaradağ Lökbatan”ın baş məşqçisi Qəzənfər Abbasov deyib.

Gənc mütəxəssis II Liqanın IX turunda “Kür-Araz”a qalib gəldikləri oyunu şərh edib:

“Meydanda 10 nəfərlə qalırsansa, futbolçular ikiqat yüklənir. Əsasən hücum mövqeyimizə təsir etdi. Buna baxmayaraq, komanda ruhdan düşmədi, sonadək mübarizə apardı. Düşünürəm qırmızı vərəqə almasaydıq, daha çox qol vura bilərdik. Turnir cədvəlində ilk pillədə olan “Xankəndi”dən dörd top geridəyik. Bu fərqi aradan qaldırmaq üçün çox qol vurmağımız lazımdır. Hələ qarşıda “Xankəndi” ilə iki oyunumuz var. Onların xal itirməsini gözləmirik. Biz öz yolumuzla gedirik. Növbəti turda rəqibimiz “Şirvan”dır. Çempionatda 5-6 güclü komanda varsa, biri bu rəqibdir. Xal itkisinə yol vermək istəmirik. Çalışacayıq qələbə qazanaq”.

Qeyd edək ki, “Qaradağ Lökbatan” IX turda “Kür-Araz”ı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz