PSJ klubu Kilian Mbappe ilə bağlı davam edən maliyyə və hüquqi mübahisə barədə geniş rəsmi açıqlama yayıb və futbolçunun kluba ciddi zərər vurduğunu bildirib.
İdman.Biz xəbər verir ki, PSJ məhkəməyə müraciət etmələrinin səbəblərini açıqlayıb.
PSJ bildirib ki, Kilian Mbappe qanuni qüvvəsi olan müqavilə öhdəliklərini və ən elementar yaxşı niyyət prinsiplərini ciddi şəkildə pozub və klubun böyük zərər çəkməsinə səbəb olub.
Klub vurğulayıb ki, bir ildən çoxdur hər iki tərəf üçün uyğun dostcasına həll tapmağa çalışıblar, müxtəlif qurumlar da bunu tövsiyə edib, lakin Mbappe “hər fürsətdə kluba hücum edib”.
PSJ-nin əsas iddiaları:
1. Mbappe 11 ay ərzində (iyul 2022 – iyun 2023) müqaviləni uzatmamaq qərarını gizlədib.
Bu müddət ərzində futbolçu klubdan qərarını gizlədib və nəticədə Paris klubu transfer imkanını itirib.
2. Mbappe 2023-cü ilin avqustunda əldə edilmiş müqaviləni sonradan inkar edib.
Həmin razılaşmaya əsasən, əgər Mbappe azad agent kimi gedərsə, maaşının bir hissəsi azaldılmalı idi ki, klubun maliyyə sabitliyi qorunsun. PSJ bildirir ki, futbolçu bu razılaşmanı sonradan rədd edib.
3. Klub iddia edir ki, futbolçu bununla Paris klubuna xeyli zərər vurub.
Açıqlamada daha sonra Mbappenin klubun iqtisadi durumuna biganə yanaşdığı və PSJ-nin ona göstərdiyi etimadı sui-istifadə etdiyi vurğulanır. Paris klubu həmçinin futbolçunun 3 yanvar 2024-cü il açıqlamasını xatırladaraq onun “hər tərəf qorunub” deməsinə baxmayaraq, sonradan əks davranış sərgilədiyini bildirir.
Klub Mbappenin müqaviləsinin daimi müqavilə kimi təsnif edilməsinə dair tələbini “tamamilə hüquqi əsassız” adlandırıb və idmançı müqavilələrinin Fransada və Avropada xüsusi qanunlarla tənzimləndiyini xatırladıb.
PSJ deyib ki, futbolçunun təzyiq altında saxlanması barədə ittihamlar əsassızdır:
- Mbappe 2023/24 mövsümündə rəsmi oyunların 94 faizində oynayıb.
- Bütün qərarlar Çempionlar Liqasını qazanmış baş məşqçi tərəfindən verilib.
- Futbolçu peşəkar futbolçular nizamnaməsinə uyğun şəraitdə çıxış edib.
Açıqlamanın sonunda klub bildirir ki, bu məsələ yaxşı niyyət, dürüstlük, dəyərlərə sadiqlik və PSJ azarkeşlərinə hörmət mövzusudur. Klub hüquqlarını ciddi şəkildə müdafiə edəcək.
Xatırladaq ki, Mbappe PSJ-dən külli miqdarda kompensasiya tələb edir.
