Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: “Qarşıdakı oyunlarda ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”

Xəbərlər
13 Noyabr 2025 15:23
42
Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: “Qarşıdakı oyunlarda ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”

“İslandiya və Fransa çox ciddi rəqiblərdir. Layiqli mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Bu sözləri ilk dəfə Azərbaycan millisinə dəvət alan Rüfət Abdullazədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə İslandiya və Fransa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

O, doğma meydanda oynamaqlarının özləri üçün əlavə üstünlük olacağına bildirib: “Öz meydançamızda oynayacağımız üçün bu amildən maksimum dərəcədə yararlanmaq istəyirik. Yeni baş məşqçimizin tapşırıqlarını tam şəkildə yerinə yetirməyə çalışacağıq”, - deyə AZƏRTAC-a açıqlamasında deyib.

Hazırda Xorvatiyanın “Varazdin” klubunda çıxış edən yarımmüdafiəçi milli komandaya ilk dəfə dəvət aldığı üçün xoşbəxt olduğunu söyləyib: “Mənim üçün çox böyük qürur, sevinc və məsuliyyətdir. Hər bir futbolçunun ən böyük arzusu bir gün ölkəsinin formasını geyinməkdir və mənim üçün bu an çox xüsusi hisslər doğurur. Bu çağırışa qədər daim çox çalışmışam, çünki bilirəm ki, belə fürsətlər yalnız zəhmət və inamla qazanılır. İndi əsas məqsədim məşqlərdə özümü ən yaxşı şəkildə göstərmək və komandaya faydalı olmaqdır. Burada olmaq mənə əlavə motivasiya verir və gələcəkdə daha da irəliləmək üçün güc verir. Komandada çox keyfiyyətli oyunçular var və onların arasında olmaq mənim üçün həm böyük şans, həm də öyrənmək imkanıdır. Hər zaman Azərbaycan futbolunu layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu dəvət mənim üçün uzunmüddətli milli karyeranın başlanğıcı olacaq”.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

İdman.Biz