London “Çelsi” futbol klubunun müdafiəçisi Trevo Çaloba Bakıda Ağdamın “Qarabağ” klubuna qarşı keçiriləcək Çempionlar Liqası oyunu ərəfəsində bildirib ki, komandasına qələbə qazanmaqda kömək etmək və Azərbaycan paytaxtında öz adından söz etdirmək niyyətindədir.
İdman.Biz xəbər verir ki, klubun saytına verdiyi açıqlamada Trevo Çaloba söyləyib qarşıdakı oyunu vacib bir missiya kimi qəbul edir:
“İndi bizim növbəti tapşırığımız Bakıda keçiriləcək oyundur. Mən iz qoymaq və komandama “Qarabağ” üzərində qələbə qazanmaqda kömək etmək istəyirəm. Rəqib də bizim kimi artıq iki qələbə qazanıb”
Çaloba rəqibə hörmətini ifadə edib və qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı klubun böyük iş gördüyünü və yüksək səviyyəyə malik olduğunu göstərir.
O vurğulayıb ki, “Çelsi” Avropanın ən güclü klubları sırasında qalmaq və növbəti mövsümdə də bu səviyyədə çıxış etmək üçün maksimum səviyyədə oynamalıdır.
“Biz anlayırıq ki, bizi çətin oyun gözləyir. Ən yaxşı futbolumuzu nümayiş etdirməliyik ki, layiq olduğumuz yerdə qalaq”, - deyə müdafiəçi əlavə edib.
Onun sözlərinə görə, ilk turda “Bavariya”ya 1:3 hesabı ilə məğlubiyyət London klubunun real səviyyəsini əks etdirmir.
Çalobanın fikrincə, komanda arzuladığı futbolu göstərib və müəyyən epizodlarda Avropanın ən güclü klublarından biri ilə bərabər səviyyədə oynayıb. O qeyd edib ki, Çempionlar Liqasındakı hər oyun maksimum diqqət və cəmlənmə tələb edir.
“Biz ötən mövsüm boyu Çempionlar Liqasına qayıtmaq uğrunda mübarizə apardıq. İndi bu şansı ikiəlli dəyərləndirməli, prosesdən zövq almalı və mümkün qədər irəliləməyə çalışmalıyıq”, - Çaloba vurğulayıb.
Müdafiəçi əlavə edib ki, onun üçün sabitlik vacibdir: baş məşqçi ona heyətdə yer verdikdə daim hazır və faydalı olmağa çalışır. O, həm Premyer Liqada, həm də cari Çempionlar Liqası mövsümündə çıxış etdiyini xatırladıb.
“Qarabağ” ilə “Çelsi” arasında oyun çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Teymur Tuşiyev
