“Çelsi”nin baş məşqçisi “Qarabağ”dan danışdı - “Heç vaxt belə bir şey görməmişəm”

Xəbərlər
4 Noyabr 2025 17:17
48
“Çelsi”nin baş məşqçisi “Qarabağ”dan danışdı - “Heç vaxt belə bir şey görməmişəm”

“Bu, vacib oyundur. Qələbə seriyamızı üçə çatdıra bilərik. Çətin qrafikimiz var, amma əlimizdən gələni edəcəyik.”

İdman.Biz xəbər verir ki, bunu İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enso Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda “Qarabağ”la keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis “Qarabağ”ın çox yaxşı komanda olduğunu bildirib: “Onlar “Benfika”, “Kopenhagen”i məğlub etdilər, “Atletik Bilbao”ya qarşı yaxşı oynadılar. Əlbəttə ki, onlara qarşı oyunumuz çətin olacaq. Rəqibimiz 17 ildir eyni məşqçi ilə işləyir. Mən heç vaxt belə bir şey görməmişəm. Evdə isə daha güclü oynayırlar. Məsələ oyunun favoriti olmaqda deyil, oyunun detallarına necə yanaşmağımızdadır”.

İtaliyalı məşqçi komandasının əsas futbolçularından olan Koul Palmer barədə söz açıb: “Ümid edirik ki, “Barselona”ya qarşı matça qədər zədəsini tam sağaldacaq. O, hələ də komanda ilə məşqlərə qatılmır. Benua Badiaşile isə beynəlxalq fasilədən sonra oynaya bilər, bu, bizim üçün əla xəbərdir. Pedro Netu da Bakıda oynaya bilməyəcək.”

O, klubun Bakıda oyunöncəsi məşqə çıxmamasını və mətbuat konfransının Londonda keçirilməsinin səbəbini açıqlayıb: “Bu, sıx qrafiklə bağlıdır. “Tottenhem”lə çətin oyundan sonra öz bazamızda qalmağımız vacib idi. Hazırlıq və sağalma arasında tarazlığı qorumağa çalışırıq.”

İdman.Biz