Yunanıstanda futbol klubunun prezidentinin qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Xəbərlər
31 Oktyabr 2025 10:09
38
Yunanıstanda futbol klubunun prezidentinin qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Yunanıstan polisi Kipr futbol klubu “Karmiotissa”nın prezidenti, iş adamı Stavros Dimostenusun qətlində şübhəli bilinən iki nəfəri saxlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.

Klub rəhbəri iki həftə əvvəl Limassol avtomagistralında avtomobilində güllələnmişdi.

Həbs olunan iki 28 yaşlı yunan vətəndaşı əmioğludurlar. Polisin məlumatına görə, onlardan biri cinayətdə iştirak edən avtomobilin sürücüsü olub, digəri isə cinayətkarların qaçdığı avtomobilin sükanı arxasında əyləşib. Məhz həmin avtomobildə Yunanıstanın şimali bölgəsində təşkil olunmuş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iki şübhəlinin barmaq izləri və genetik materialı aşkarlanıb.

Ehtimal olunur ki, Dimostenusa atəş açan həbs edilənlərdən biri olub, lakin Kipr hakimiyyəti hər ikisini qətlin icraçıları hesab edir. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Kiprdəki həmkarlarından Dimostenusun qətlində şübhəli bilinən iki nəfərin Yunanıstanda olduğu barədə məlumat alıblar. Onlar Selanikinin qərb rayonlarındakı müxtəlif evlərdə saxlanılıblar. Hər iki şəxs daimi olaraq Kiprdə yaşayır və orada peşəkar fəaliyyətlə məşğul olurlar. Həbs edilənlərdən biri əslən Sere şəhərindəndir, digəri isə Gürcüstanda doğulub və Selanikdə qohumları var.

Qeyd olunur ki, həbslər Avropa orderləri əsasında həyata keçirilib və prokurorluq onların Kiprə ekstradisiyası proseduruna başlayacaq.

İdman.Biz