“Kəpəz”in qapıçısı: “Kaş ki, bütün bunlar yaşanmayaydı” - FOTO/VİDEO

Xəbərlər
27 Oktyabr 2025 10:51
79
“Kəpəz”in qapıçısı: “Kaş ki, bütün bunlar yaşanmayaydı” - FOTO/VİDEO

“Kəpəz”in qapıçısı Məmməd Hüseynov “İmişli” ilə oyunun 26-cı dəqiqəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edərək epizodun detallarına və qarşı tərəfə münasibətinə aydınlıq gətirib.

Futbolçunun sözlərinə görə, hadisə zamanı topa doğru qaçarkən sol baldır əzələsi yırtıldığı üçün tam nəzarəti itirib və nəticədə toqquşmadan qaça bilməyib:

“Əzələm yırtıldıqdan sonra kəskin ağrı altında idim və o an tamamilə nəzarəti itirdim. Özümü dayandıra bilmədim, topa düzgün müdaxilə etmək də mümkün olmadı. Həmin anda çəkilən fotoda üz ifadəmdəki ağrı və çarəsizliyi aydın şəkildə görmək olar”.

Məmməd Hüseynov həmkarı Vüsal Qənbarovla dostluq münasibətlərinin olduğunu bildirib və hadisənin qəsdən baş vermədiyini vurğulayıb.

“Heç kim karyerasını riskə ataraq bilərəkdən belə bir müdaxilə etməz. Mənim Vüsalla dostluğum var və heç vaxt istəməzdim ki, belə bir hadisə baş versin. Sadəcə, əzələm yırtıldığı üçün bunu önləməyə imkanım olmadı”.

Qapıçı həmkarına şəfa arzulayıb və həm komanda yoldaşlarından, həm də azarkeşlərdən üzr istəyib:

“Vüsal Qənbarova Allahdan şəfa diləyirəm və ən qısa zamanda güclü şəkildə meydana qayıtmasını arzulayıram. Komandamı meydanda tək qoyduğum və məğlubiyyətimizdə payım olduğuna görə bütün komanda yoldaşlarımdan və azarkeşlərimizdən üzr istəyirəm. Kaş ki, bütün bunlar heç baş verməsəydi”.

Qeyd edək ki, qarşılaşma “Kəpəz”in 0:3 hesablı məğlubiyyəti ilə bitib.

İdman.Biz