Samir Əliyev: “Millidə olanda daim bu məsələdən gileylənmişəm”

Xəbərlər
16 Oktyabr 2025 14:32
38
Samir Əliyev: “Millidə olanda daim bu məsələdən gileylənmişəm”

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində bu ay keçirdiyi iki oyunda bir xal qazanıb. Çexiyaya səfərdə böyük hesabla (0:5) uduzan yığma Bakıda Şotlandiya ilə heç-heçə edib (3:3).

U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev futbolpress.az-a açıqlamasında nəticələri dəyərləndirib: “Çexiyaya məğlubiyyətdən sonra hər kəs düşünə bilərdi ki, millimiz evdə qrupun favoritlərindən Şotlandiyaya da uduzacaq. Etiraf edək ki, şotlandlar bizim millidən 2-3 baş üstündür, keyfiyyətli futbolçuları var. Buna baxmayaraq, yığmamız güclü rəqibə qol vurmağı bacardı, bir xal qazandı”.

Mütəxəssis yığmanın yeni baş məşqçisi Rəşad Eyyubovun təyinatından söz açıb: “Əlbəttə, Şotlandiya ilə oyunda qələbə də ola bilərdi, amma son dəqiqələrdə qol buraxdıq. Bir xal normaldır, yaxşıdır. Çatışmazlıqlar, oyun planında problemlər olduğunu hər kəs bilir. Millinin baş məşqçisi yenidir, o qədər də təcrübəsi olmaya bilər. Zaman keçdikcə həm Eyyubov təcrübə qazanacaq, həm millimiz daha yaxşı çıxış edəcək. Milliyə, məşqçilər korpusuna dəstək olmalıyıq. Şotlandiya kimi komandaya 3 qol vurmaq gözəl göstəricidir. Bu, futbolçularda inamı artıracaq. Oyun yaxşı təcrübə oldu”.

Əliyev Premyer Liqada legioner limitinin ləğvinə də toxunub: “Limitin ləğvi nəinki U-21-ə, hətta əsas yığmaya da təsir edir. Limitin ləğvindən sonra görünən odur ki, komandalarımızda 2-3 yerli futbolçu daim oynayır. 21 yaşadək olanların əksəriyyəti, 1-2 nəfəri çıxmaqla demək olar, oynamır və ya 5-10 dəqiqə şans qazanır. Millidə olanda daim bu məsələdən – futbolçuların oynamamasından gileylənmişəm. Onların oynaması millinin daha yaxşı olması üçün vacibdir”.

İdman.Biz