Samir Musayev: “İndi gələcəyə bir az ümid var” - MÜSAHİBƏ

Müsahibə
15 Oktyabr 2025 14:12
65
Samir Musayev: “İndi gələcəyə bir az ümid var” - MÜSAHİBƏ

“Məncə, komandamız fiziki olaraq yorulmamışdı”.

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayevin futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Söhbətə milli komandamızın Fransa ilə oyunundan (0:3) başlayaq. Etiraf edək ki, əksəriyyət daha böyükhesablı məğlubiyyət gözləyirdi. Hətta “Oser faciəsi”nin təkrarlanacağını ehtimal edənlər var idi. Komandamızın Fransa ilə matçdakı çıxışını necə dəyərləndirirsiniz?

– Bəli, çox adam dediyiniz kimi fikirləşirdi. Rəqibin gücü, bəlkə də, onları belə düşünməyə məcbur edirdi, amma elə olmadı. Komandamız Fransaya qarşı yaxşı müdafiə olundu, mübarizə apardı, futbolçular əllərindən gələni etdilər. Bəli, uduzduq, ancaq meydanda mübariz komanda var idi, bunu da Ayxan Abbasov yarada bildi. Buna görə onu təbrik edirəm, uğurlar arzulayıram. Hələ görüləcək işlər çoxdur, lakin bu işlərin 80 %-i uşaq futbolunda görülməlidir.

– Fransa ilə oyunda çoxlu güc sərf edən futbolçularımızın Ukrayna ilə qarşılaşmada yorğun olacaqları ehtimal edilirdi. Ancaq bunun şahidi olmadıq. Sizcə, Ukrayna ilə görüşdə qeydə alınan hesab oyuna görə oldu? Millimiz bu matçda xala layiq deyildimi?

– Məncə, komandamız fiziki olaraq yorulmamışdı. Əksinə, məğlubiyyətə baxmayaraq, Fransaya qarşı oyun futbolçularımızda özünəinam hissini artırdı, onlara motivasiya verdi. Bu səbəbdən də millimiz Ukraynaya qarşı yaxşı oynadı. Bəli, hesab oyuna görə olmadi, amma komandamız əla oyun göstərdi. Səmimi deyim, indi gələcəyə bir az ümid var. Deyərdim ki, Ukrayna yığması bu görüşdə 6 xal qazandı.

– Ayxan Abbasovun gəlişindən sonra yığmamızda hansı müsbət dəyişikliklər nəzərə çarpır?

– Ayxan müəllimin gəlişindən sonra komandada çox şey dəyişdi. Öncə mübariz komanda, futbolçularımızda özünəinam yarandı, millimiz əzmkar oynamağa başladı. İnşallah, getdikcə hələ çox şey dəyişəcək.

– Son iki görüşdə yığmamızın oyun planında xüsusi olaraq nəyi bəyəndiniz?

– Bəllidir ki, Fransaya qarşı açıq futbol oynamaq olmaz. Həmin matçda yığmamızın yaxşı müdafiə oluna bildiyini gördük. Ukrayna ilə matçda isə hücumda oynaya bildiyimizi müşahidə etdik. İndi qalır bunları yavaş-yavaş yaxşılaşdırmaq.

– Sabiq hücumçu kimi bu fikirlə razısınızmı ki, hazırda yığmamızın ən böyük problemi məhz hücum xətti ilə bağlıdır? Layiqli “9 nömrə” çatışmır…

– Xeyr, razı deyiləm. Məncə, Nəriman Axundzadə də, Musa Qurbanlı da hazırda Azərbaycanın ən yaxşı hücumçularıdır. Bir qədər təcrübələri az ola bilər, amma zamanla bu da düzələcək. Daimi oynamasalar, necə inkişaf edəcəklər? Demək ki, daimi oynamalıdırlar.

– Yığmamız növbəti oyunlarını gələn ay Bakıda İslandiya və Fransaya qarşı keçirəcək. Bu görüşlərdən gözləntiniz nədir?

– İnanıram ki, komandamız bu iki oyunda xal götürə bilər. Son iki görüşümüz bu cür düşünməyə əsas verir. Əminəm ki, Ayxan müəllim qarşıdakı iki matça da komandanı lazımı səviyyədə hazırlayacaq. Sadəcə, inanmaq lazımdır.

İdman.Biz