Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində ötən gün Ukraynaya (1:2) qarşı sərgilədiyi oyun nadir hallarda görünüb.
Bunu “Report”a millinin və “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.
O, futbolçuların baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqlarını vurğulayıb: “Millinin belə oyununu nadir hallarda görmüşük. Ukrayna yaxşı komandadır, keyfiyyətli futbolçuları var və taktikamız sırf buna uyğun idi. Oyunu müdafiədən qurub sürətli hücumlara çıxmaq cəhdləri bəzi məqamlarda yaxşı alınırdı. Məsələn, qol epizodunu xatırlasaq, Elvin Cəfərquliyevin keçidi və yaxşı ötürməsindən sonra hesabı bərabərləşdirdik. Hiss olunurdu ki, uşaqlar baş məşqçinin tapşırığını yerinə yetirməyə çalışırlar. Baxmayaraq ki, topla çox oynaya bilmirdilər. Üstünlük Ukrayna komandasında idi və oyunu idarə edirdilər. Bu da normaldır. Çünki səfərdə Ukrayna yığmasına qarşı açıq futbol oynamaq çətin olar”.
Sabiq müdafiəçi komandanın təhlükəli epizodlar yaratmağa çalışmasının sevindirici məqam olduğunu söyləyib: “İkinci qoldan sonra millimiz tam başqa - daha fəal və hücumameyilli futbol göstərməyə başladı. İkinci zonada cinah yerdəyişmələri ilə hücumlar qurmağa çalışırdılar. Bəlkə də belə oyun çox adamın xoşuna gəldi, çünki ötürmələrin sayı artmışdı. Konkret təhlükəli epizodlar yaratmağa çalışırdıq ki, bu da sevindirici haldır. Bunu edə bilməyimiz şəxsən mənim xoşuma gəldi. Həm sağ, həm də sol cinah fəal işləyirdi. Komanda hesabda 1:2 geridə olarkən, itiriləcək heç nə qalmadığı üçün hücuma keçirdi. Belədə oynumuz daha məzmunlu alınırdı. İnanıram ki, növbəti qarşılaşmalarda da bunu təkrarlayacağıq. Hiss olunurdu ki, oyunçular vuruşurlar. Hücum qura bilirdik, mübarizə aparırdılar. Belə davam etsə, daha möhkəm milli görəcəyimizə əminəm”.
M.Medvedev Ayxan Abbasov baş məşqçi təyin olunduqdan sonra komandadakı dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb:
“Bir çox məşqçi Azərbaycan millisinə gələndə “beşli müdafiə”yə üstünlük verirdi. Amma sırf sistem qurmaq kifayət etmir. Ayxan Abbasov ya rəqibləri çox yaxşı təhlil edir, ya da komandanı düzgün şəkildə başa salır. Futbolçuların vəzifəsini, hansı zonanı bağlamalı və rəqiblərə necə nəzarət etməli olduqlarını anladıb. Bu, meydanda da görünürdü. Məsələn, oyun sağ cinahda davam edəndə, soldakı futbolçu hücuma qoşulurdu. Amma əvvəllər belə hala rast gəlmirdik. Ara ötürmələrindən nadir hallarda istifadə edirdik. Futbolçular hücum zamanı passiv qalırdı. Məncə, əvvəlki sistem qalıb. Baş məşqçi, sadəcə, sistemin detallarını yaxşılaşdırıb deyə, oyun bir qədər fərqli görünür”.
Qeyd edək ki, Azərbaycan millisi Polşanın Krakov şəhərində Ukraynaya 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında sentyabrın 9-da Bakıda baş tutan görüş isə 1:1 hesabı ilə nəticələnib.