Bəhlul Mustafazadə: "Bunu “Kopenhagen”lə oyundan əvvəl bilirdik”

Xəbərlər
2 Oktyabr 2025 10:18
55
Bəhlul Mustafazadə: "Bunu “Kopenhagen”lə oyundan əvvəl bilirdik”

“Çox gərgin oyun oldu. Güclü rəqibə qarşı çıxış etməyimizə baxmayaraq, ağıllı oynadıq və üstünlüyümüzü qoruyaraq ikinci qolu da vurduq. Müdafiədə inamlı çıxış etdik və sona qədər dirəndik. Bu qələbə məni çox sevindirdi”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

28 yaşlı müdafiəçi Çempionlar Liqasının əsas mərhələsində “Kopenhagen” üzərində qazanılan 2:0 hesablı qələbəni dəyərləndirib: “Rəqib əsasən künc və cərimə zərbələrindən təhlükəli vəziyyətlər yaratmağa çalışırdı. Biz də bunu əvvəlcədən bilirdik və üzərində xüsusi məşq etmişdik. İkinci hissədə bir qədər geri çəkilməli olduq, çünki qarşı tərəf həqiqətən güclü idi. Əvvəlki illərdə belə hallarda qollar buraxırdıq, amma bu dəfə fərqli oldu. Sevinirəm ki, oyunu qapımızı toxunulmaz saxlayaraq başa vurduq”.

Mustafazadə ardıcıl qələbələrlə bağlı da danışıb: “Ardıcıl iki oyunda qalib gəlməyimiz bizi çox sevindirir. İndi məqsədimiz niyə də xallarımızı artırmaq olmasın? Hər oyunda yaxşı çıxış edib xal toplamağa çalışacağıq. Açığı, bu qədərini biz də gözləmirdik, amma daha yaxşı olmağımız lazım olduğunu anlayırıq. Gələcək matçlarda daha güclü komanda oyunu nümayiş etdirəcəyik. Qarşıdakı rəqiblər də kifayət qədər güclüdür. Ona görə də bu tempi qoruyub qələbələri davam etdirmək istəyirik”.

Bəhlul Çempionlar Liqasında ilk dəfə azərbaycanlı futbolçunun – Elvin Cəfərquliyevin oyunun ən yaxşısı seçilməsinə də münasibət bildirib: “Hər birimiz onu təbrik etdik, hamımız Elvinin uğuruna sevindik. Hətta çalışdıq ki, bizə hədiyyə alsın, amma əli bir az bərk çıxdı, alınmadı (gülür)”.

İdman.biz