“Karvan-Yevlax”ın legioneri: "Premyer Liqada qalmağı bacaracağıq" - MÜSAHİBƏ

Müsahibə
1 Oktyabr 2025 13:21
32
“Karvan-Yevlax”ın legioneri: "Premyer Liqada qalmağı bacaracağıq" - MÜSAHİBƏ

"Misli Premyer Liqasın 6 oyunda bir qələbə və iki heç-heçəmiz var. Bu da komandamızın Premyer Liqada yeni olması ilə bağlıdır".

Bunu futbolinfo.az-a müsahibəsində “Karvan-Yevlax”ın portuqaliyalı yarımmüdafiəçisi Vitor Roşa deyib.

Həmin müsahibəni təqdim edirik:

– Misli Premyer Liqasının 6-cı turunda səfərdə “Neftçi”dən 1 xal almağı bacardınız. Oyundan öncə bu matçdan yaxşı nəticə ilə ayrılacağınıza inamınız var idi?

– Bəli, çünki biz hər gün bu məqsədlə çalışırıq. Çətin oyun olacağını bilirdik, “Neftçi” çox keyfiyyətli və bu çempionatda böyük investisiya qoyulan bir komandadır. Başa düşürdük ki, onlarla matçdan xalla ayrılmaq üçün bizdən çox fədakarlıq və yüksək diqqət tələb olunacaq. Biz də bunu etdik.

– Razısınız ki, matçın qəhrəmanı Kamran İbrahimov oldu? Ondan bu cür performans gözləyirdiniz?

– Kamranın oyunun qəhrəmanı olduğunu qəbul edirəm və ona görə çox sevinirəm. İbrahimov təvazökar oyunçudur, daim inkişaf etməyə çalışır. Xoşbəxtlikdən, bu görüşdə bizə çox kömək etdi və qazanılan 1 xala öz töhfəsini verdi.

– “Karvan-Yevlax”da sizi hər şey qane edir? Kollektivə və baş məşqçinin oyun üslubuna tam uyğunlaşa bilmisiniz?

– Bu komandada olduğum üçün məmnunam və mənə verilən fürsətə görə çox minnətdaram. Başlanğıcda uyğunlaşmaq asan olmadı, çünki ilk yoxlama oyununda əlim sındı və bu səbəbdən 1 aydan artıq müddətdə oynamadım. Amma zaman keçdikcə hər şey mənim üçün asanlaşır. Artıq sağalmışam, var gücümlə oynaya bilirəm – bu da ən çox sevdiyim şeydir. Yavaş-yavaş komandaya və oyun üslubumuza uyğunlaşmağa başlayıram.

– 6 turdan sonra cəmi 1 qələbəniz var. Bunun səbəbini nədə görürsünüz?

– Bəli, 6 oyunda bir qələbə və iki heç-heçəmiz var. Bu da komandamızın Premyer Liqada yeni olması ilə bağlıdır. Çempionatda böyük investisiyalar etmiş klubların olduğunu nəzərə alaraq, “Karvan-Yevlax”ın hazırda aşağı liqaya düşmə zonasından kənarda qərarlaşması bizim üçün pozitiv məqamdır. Klub heyətlə bağlı böyük dəyişikliklərdən keçib, hazırkı heyətdəki bütün oyunçular yenidirlər. Bu da bəzən performansımıza və nəticələrə təsir edir. Amma biz keyfiyyətli və işləmək həvəsi olan bir komandayıq. Əminəm ki, məqsədlərimizə çatacağıq.

– Növbəti turda “Sabah”la üz-üzə gələcəksiniz. Şansları necə dəyərləndirirsiniz? “Neftçi”dən sonra “Sabah”dan da xal ala biləcəksiniz?

– Düşünürəm ki, “Sabah”la oyunda da xal qazanmaq mümkündür. Bəli, bu görüş də çətin keçəcək. Amma ev sahibi olacağıq, azarkeşlərimizin dəstəyinə ümid edirik – onlar bizim üçün böyük motivasiya mənbəyidir. “Sabah”la görüşə də ciddi hazırlaşacaq və yenə meydanı xalla tərk etməyə çalışacağıq.

– Uzun müddətdən sonra Premyer Liqada iştirak edən “Karvan-Yevlax”ın hədəfi liqada qalmaqdır. Komanda məqsədinə çata biləcəkmi?

– Bəli, mövsümün sonunda Premyer Liqada qalmağı bacaracağıq. Aydın məsələdir ki, hələ üzərində işləməli olduğumuz çox şey var və bunun üçün əziyyət çəkməliyik. Amma bu komanda çox keyfiyyətlidir və mən liqadakı yerimizi qoruyacağımıza inanıram.

– Həmyerliniz Fernandu Santuş Azərbaycan yığma komandasında uğursuz nəticə ilə yadda qaldı və buna görə vəzifəsindən uzaqlaşdırıldı. Ondan belə uğursuzluq gözləyirdiniz? Sizcə, Santuş nəyə görə millimizdə uğur qazana bilmədi?

– Fernandu Santuş Portuqaliyada çox hörmət edilən və sevilən bir məşqçidir. O, Portuqaliya yığması ilə AVRO-2016-nın və Millətlər Liqasının qalibi olub, buna görə biz portuqaliyalılar ona çox minnətdarıq. Təəssüf ki, Azərbaycanda hər şey istədiyi kimi getmədi – futbolda belə hallar olur. Futbolla məşğul olan hər kəs bilir ki, həmişə uğur qazanmaq mümkün deyil. Təəssüf ki, Santuş Azərbaycanda vəzifəsindən ayrılmalı oldu, uğur əldə edə bilmədi, bu da oyunun bir hissəsidir. Həm Santuşa, həm də Azərbaycan millisinə uğurlar arzulayıram.

İdman.biz