“Maraqlı və gərgin oyun oldu. Güclü rəqibə qarşı oynadıq, qarşılaşmada emosional anlar yetərincə idi. Düşünürəm ki, bu matç azarkeşlər üçün maraqlı və yadda qalan oldu”.
Bu sözləri “İmişli”nin 28 yaşlı qapıçı Andrey Sinenka sport24.az-a açıqlamasında deyib.
A.Sinenka Misli Premyer Liqasının VI turunda “Zirə” ilə oyunda bir xal qazanmalarını şərh edib: “Bu futboldur və burada hər cür vəziyyət mümkündür. Oyunun gedişində yağışın başlaması və əlverişsiz hava şəraiti müəyyən çətinliklər yaratdı. Rəqib komanda isə kifayət qədər istəkli çıxış etdi ki, bunu da qeyd etməliyik. Biz isə qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə etmək üçün üzərimizdə çalışmağa davam edəcəyik. Belarus atalar sözündə deyildiyi kimi: Cücələri payızda sayırlar. İrəliyə qaçmaq lazım deyil. Biz oyundan-oyuna irəliləyirik. Və hər qarşılaşmada maksimum nəticə üçün çalışmalı, növbəti matçda isə əvvəlkindən daha yaxşı oynamağa səy göstərməliyik. Mayda isə ümumi vəziyyətə qiymət verəcəyik. Bu nəticə bütün kollektivin, eləcə də komanda uğrunda çalışan hər bir şəxsin birgə əməyinin məhsuludur. Fikrimcə, biz bundan da yüksək səviyyəyə çatmağa qadirik”.
Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasının VI turundan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb.