Mahir Məmmədov: “Növbəti Azərbaycan çempionatında bütün güclü şahmatçılar iştirak edəcəklər”

Xəbərlər
19 Fevral 2024 15:34
187
Mahir Məmmədov: “Növbəti Azərbaycan çempionatında bütün güclü şahmatçılar iştirak edəcəklər”

Qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, federasiya üzvləri, qalib şahmatçılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan birinci vitse-prezident Faiq Həsənov bildirib ki, hər il yarışın mükafatçıları Avropa çempionatında iştirak edirlər: “Bu il də bizim iki qalibimiz Yunanıstanda keçiriləcək Avropa çempionatda ölkəmizi təmsil edəcəklər. İsveç sistemi ilə keçirilən yarışda gərgin mübarizə hökm sürdü”.

Daha sonra Azərbaycan çempionatının ilk 5 yerin sahibinə mükafatlar və diplomlar təqdim edilib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun sözlərinə görə, Azərbaycan çempionatı idmançılarımız üçün çox vacibdir: “Təəssüflənirəm ki, yarışa bütün güclü şahmatçıları cəlb edə bilmirik. Çünki iştirakçılarımız xüsusi proqramla çalışırlar. Azərbaycan çempionatında gələcəkdə isə bütün güclü şahmatçılar iştirak edə biləcəklər. Bu 2025-ci ildə əsas məqsədlərdən biridir. Ayan üçün çox uğurlu bir il oldu. Gələn Azərbaycan çempionatında ilk “üçlük” xüsusi təqaüdlə mükafatlandırılacaq. 4-5-ci yerin sahibləri isə beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar”.

Qeyd edək ki, 9 turdan 5,5 xal toplayan Ayan Allahverdiyeva karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub. Ölkə çempionundan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurub.

Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Mükafat fondu ilk “beşlik”də yer alan şahmatçılar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova şəxsi Avropa çempionatına yollanacaq.

Banuçiçək Hüseynli
İdman.biz