Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasında Azərbaycan Rusiya və Belarus şahmatçılarının beynəlxalq yarışlara buraxılması məsələsi üzrə kompromis qərarı dəstəkləyən ölkələr sırasında yer alıb.
İdman.Biz-in məlumatına görə, FIDE Şurasının və Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əməl olunması təklifini FIDE-nin birinci vitse-prezidenti Vişvanatan Anand, həmçinin Keniya, Azərbaycan, Barbados və Hindistan nümayəndələri irəli sürüblər.
Qeyd edək ki, səsvermə zamanı Azərbaycanı milli şahmat federasiyasının prezidenti, eyni zamanda FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.
Daha əvvəl Rusiya Şahmat Federasiyası rusiyalı və belaruslu şahmatçılara tətbiq edilən bütün sanksiyaların, o cümlədən milli bayraq altında komanda yarışlarında iştirak qadağasının tamamilə aradan qaldırılmasını təklif etmişdi. FIDE Şurası isə qismən liberallaşmanı dəstəkləyərək, yeniyetmə şahmatçılara milli simvolika ilə çıxış etməyə, böyüklərdən ibarət yığmalara isə komanda turnirlərində neytral statusda iştirak etməyə icazə verib.
Məhdudiyyətlərin tam ləğvinə Ukrayna, Norveç, İngiltərə, Almaniya və bir sıra digər ölkələrin nümayəndələri, həmçinin Avropa Şahmat İttifaqının rəhbəri Zurab Azmayparaşvili etiraz ediblər.
Qeyd edək ki, Zurab Azmayparaşvili daha əvvəl Azərbaycan şahmatı ilə sıx bağlı olub və kişilərdən ibarət Azərbaycan milli komandasının kapitanı kimi fəaliyyət göstərib. Xüsusilə, 2009-cu ildə onun rəhbərliyi altında Azərbaycan yığması tarixində ilk dəfə Avropa çempionu olub.
Nəticədə bütün məhdudiyyətlərin ləğvinin lehinə 61 nümayəndə, əleyhinə isə 51 nümayəndə səs verib. Bundan sonra iştirakçıların əksəriyyəti rusiyalı şahmatçıların neytral bayraq altında yarışlara buraxılması variantını dəstəkləyib. Yekun qərarın qəbulu əlavə məsləhətləşmələrin aparılması üçün təxirə salınıb.
Teymur Tuşiyev
