Məhəmmədrəsul Məcidov Azərbaycan millisinə qayıtmağa hazırlaşır

Xəbərlər
20 İyul 2025 12:00
107
Məhəmmədrəsul Məcidov Azərbaycan millisinə qayıtmağa hazırlaşır

Həvəskar boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov Azərbaycan millisinə qayıtmağa hazırlaşır.

Bunu İdman.biz-ə açıqlamasında Məcidov özü bildirib.

Titullu boksçunun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan Boks Federasiyasının nümayəndələri ona belə bir xahişlə müraciət ediblər: "Azərbaycan millisinin məşqçiləri məndən yığmanın tərkibində dünya çempionatında mümkün çıxışa hazırlaşmağımı xahiş etdilər. Orada boksla məşğul olmaqdan məmnun olardım, çünki həmişə formadayam. İndi də sizinlə məşq zalından danışıram".

Qeyd edək ki, 38 yaşlı Məcidov qarşıdan gələn dünya çempionatında mübarizə apararsa, bu, onun həvəskar boks üzrə Azərbaycan milli komandasının 8 ildən artıq müddətdə ilk çıxışı olacaq.

Bundan əlavə, Məhəmmədrəsul yenidən bu ilin noyabrına planlaşdırılan “Çempionlar döyüşü”ndə - IBA-nin himayəsi altında peşəkar boks qaydalarına uyğun keçirilən turnirdə çıxış etməyə hazırlaşır. Ötən il boksçu bu yarışda Qazaxıstan təmsilçisinə qalib gəlib.

Teymur Tuşiyev
İdman.biz