Lisenziya turniri üçün boksçularımızın adları açıqlanıb

Xəbərlər
22 May 2024 14:02
215
Lisenziya turniri üçün boksçularımızın adları açıqlanıb

Mayın 24-də Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

İdman.biz xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək.

Yarışın püşkü mayın 23-də atılacaq.

Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

İdman.biz

Məqalədə: