Boksçumuz Nicat Hüseynov Paris-2024-ə lisenziya qazanıb

Xəbərlər
11 Mart 2024 23:59
959
Boksçumuz Nicat Hüseynov Paris-2024-ə lisenziya qazanıb

Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdman.biz xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb. Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

İdman.biz