İlkin Ağayev: “Qadın boksçularımız potensiallarını ortaya qoydular”

15 Oktyabr 2026 17:18
100
İlkin Ağayev: “Qadın boksçularımız potensiallarını ortaya qoydular”

“Azərbaycanın boks üzrə U-17 millisinin Avropa çempionatında oğlan və qızların ümumi komanda hesabında dördüncü yeri tutması böyük uğurdur”.

Bu barədə qadınlardan ibarət yığmanın baş məşqçisi İlkin Ağayev deyib.

O, Monteneqronun Budva şəhərində keçirilən turnirlə bağlı fikirlərini bölüşüb.

“U-17 Avropa çempionatı qız boksçularımız üçün uğurlu oldu. Bu turnirdə çox yaxşı çıxış etdilər və potensiallarını ortaya qoya bildilər. 1 qızıl, 1 gümüş və 1 bürünc mükafata sahib çıxdıq. Komandanın nəticəsindən razıyam. Bəzi boksçularımız ilk görüşlərdə çempionlarla üz-üzə gəldilər. Onlarla erkən mərhələdə görüşməsəydilər, medal sayımız daha da artardı. Millimiz oğlan və qızların ümumi komanda hesabında dördüncü yerdə qərarlaşdı. Bu, 40 ölkənin qatıldığı yarışda böyük uğurdur. Oğlanlar da yaxşı çıxış edərək üçüncü yeri tutdular”, - deyə o report.az-a açıqlamasında söyləyib.

İ.Ağayev ölkədə qadın boksunu inkişaf etdirmək istədiklərini söyləyib:

“Azərbaycanda qadın boksunu inkişaf etdirmək, idmançıların sayını artırmaq istəyirik. Bu nəticələri böyüklərin turnirində də əldə etmək niyyətindəyik. Federasiya da bu yöndə çalışır, ölkə daxilində və xaricində təlim-məşq toplanışlarına qatılırıq, beynəlxalq turnirlərdə iştirak edirik”.

Xatırladaq ki, oğlan boksçular 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla turnirdə üçüncü yeri tutublar. Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.

Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələnib. Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

İdman.Biz
Məqalədə: