Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı adını növbəti mərhələyə yazdırıb.
Maqsud Xasmetov (63,5 kq) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq.
Sərxan Əliyev (71 kq) isə Bonifatsiy Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.


