Tayfur Əliyev: “Yaxşı nəticə əldə edənədək istəyimdən əl çəkməyəcəm” - MÜSAHİBƏ

Müsahibə
9 Dekabr 2023 15:18
708
Tayfur Əliyev: “Yaxşı nəticə əldə edənədək istəyimdən əl çəkməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan boksçusu Tayfur Əliyevin İdman.biz saytına müsahibəsi

- Azərbaycan çempionatda yeni çəki dərəcəsində mübarizə apardız. 60 kq-ı 63,5-ə hansı səbəbdən dəyişdiz?

- Mən illərdir ki, boksla məşğul oluram və bunu davam etdirəcəm. 60 kq çəki dərəcəsində rəqabətin az olması səbəbindən bu addımı atdım. Həmin çəkidə çıxış edən boksçularımızın heç birini pisləmək istəmərəm, amma onlarla mübarizə aparmaq mənə çətin gəlmirdi. Buna görə də risk edərək, çəkimi dəyişdim. Təbii ki, 63,6 kq-a keçidimdə Olimpiya çəki dərəcəsi olması da rol oynadı. Tokio-2020-də iştirak etmişəm, amma istədiyim nəticəni əldə edə bilməmişəm. Yaxşı nəticə əldə edənədək isə bu istəyimdən əl çəkməyəcəm.

- Olimpiya çəkisi dərəcələrində rəqabət həmişə güclü olur. Maraqlıdır, bu addımı atdıqda ölkə çempionu olacağınıza inanırdız?

- Mən öz gücümə inanırdım. Yüzlərlə yarışda mübarizə aparmışam və təcrübəm çoxdur. Buna görə də çempion olacağıma şübhə etmirdim.

- Fərqli çəkidə olsa da, növbəti dəfə Azərbaycan çempionluğunu qazandın. Döyüşlərini necə şərh edərdin?

- Çempionatda ümumilikdə dörd görüş keçirdim. İki rəqibim döyüşə çıxmadı. Biri xəstə idi, digərinin isə səbəbini bilmirəm. Üçüncü rəqibim isə hər zaman hörmətlə yanaşdığım, döyüşlərini bəyənərək izlədiyim Heybətulla Hacıəliyev oldu. Onunla qarşılaşacağım üçün çox sevinirdim. Onun da müəyyən fasilədən sonra ölkə çempionatında iştirak edəcəyini bildikdə dedim ki, onunla görüşməyi çox istərdim. Çünki həqiqətən çox təcrübəli idmançıdır. Ona qalib gəlib, özümə sübut edə bilərdim ki, güclüyəm. Döyüşümüz çox yaxşı alındı. Finaldakı isə Malik Həsənovla qarşılaşdım. O da, çox yaxşı boksçudur. Beynəlxalq turnirlərdə medal qazanan idmançıdır. Onunla da çox maraqlı və yaxşı şəkildə mübarizə apararaq, qalib gəldim.

- Onda bu çəkidə qalıb və artıq lisenziya yarışlarına sənin gedəcəyini demək olarmı?

- Yarışqabağı çəkimi 63,5 kq-a qaldırmaq üçün cəmi bir ay vaxtım var idi. Tam olaraq bu çəkidə ola bilmirdim. Nə qədər çox qidalanıb, su içsəm də belə tərəziyə çıxdığım zaman 800-900 qram az olurdu. Bu isə mənə mənfi təsir edirdi. Fikrimcə, bundan sonra vaxtım çoxdur və çəkimi qoruyub saxlayacam. Ardınca məşqlərlə və texniki hazırlıqlarla istədiyim nəticəni ala biləcəm.

- Onda hədəfin Paris-2024-dür?

- Bu gün üçün əsas məqsədim Olimpiya oyunlarında medal qazanmaqdır. Gələcəkdə peşəkar döyüşlərdə iştirak edə bilərəm. Lakin yüksək nəticə qazanmaq mənim üçün çox vacibdir.

- Qardaşın Sərxan Əliyev də Olimpiya çəkisində - 71 kq-da qalib gəldi. İki qardaş qələbə sevincini necə bölüşdüz?

- İkimiz yarışlara birlikdə hazırlaşırdıq. Monteneqroda keçirilən Avropa Kubokunda artıq məsləhətləşirdik ki, məşqlərə başlamalıyıq, üzgüçülük dərsləri almalıyıq. İkimizin girdiyi bu yol çətin idi. Təbii ki, bizə dəstək göstərdikləri üçün məşqçilərimizə də öz minnətdarlığımızı bildirirəm. Hər ikimizin qələbəsinin sirri bir-birimizə göstərdiyimiz dayaq və kömək oldu.

- Bəs qardaşının lisenziya qazanmaq şansını necə dəyərləndirirsən?

- O, Polşada keçirilən III Avropa oyunlarında lisenziya qazanmaq şansının bir addımlığında dayandı. Sərxanın müəyyən problemləri var idi. Lakin indi tam formadadır. Əminəm ki, o da lisenziya qazanaraq, məqsədinə çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz