Erika Karter: "Avropa çempionatında gümüş ruhlandırıcıdır, biz irəliləməyə davam edəcəyik" - İDMAN.BİZ-ə MÜSAHİBƏ

Müsahibə
8 Sentyabr 2025 15:51
42
Erika Karter: "Avropa çempionatında gümüş ruhlandırıcıdır, biz irəliləməyə davam edəcəyik" - İDMAN.BİZ-ə MÜSAHİBƏ

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması Kopenhagendə keçirilən Avropa çempionatında gümüş medal qazanaraq tarixi nəticə əldə edib.

Komandamız finalda Niderland millisinə 16:21 hesabı ilə uduzsalar da, turnir ərzində bir sıra titullu rəqiblərinə qalib gələrək parlaq oyun nümayiş etdiriblər. Mərhələnin simvolik komandasına düşən yığmamızın basketbolçusu Erika Karter yarışla bağlı təəssüratlarını İdman.biz-lə bölüşüb.

- Avropanın vitse-çempionu olmaq necə hissdir, hansı hissləri yaşayırsınız?

- Hər yarışda özümüzü ən yaxşı tərəfdən göstərməyə, yaxşı, keyfiyyətli basketbol nümayiş etdirməyə çalışırıq. Biz yaxşı hazırlaşmışdıq və finala yüksələrək medal qazanmaq çox xoşdur. Bu, əla nəticədir, adamı ruhlandırır. Və bir gün Avropa çempionu titulunu qazanmaq üçün addım-addım irəliləyəcəyik.

- Kopenhagendə komanda əvvəlki iki Avropa çempionu – Fransa və İspaniyanı məğlub etdi. Şübhəsiz ki, bu nəticələr sizdə daha da özünəinam yaratdı.

- Çox yaxşı komandalara qarşı oynadıq. Onların hər birinə qalib gəlmək arzusu ilə meydançaya çıxdıq. Yarışa Fransa ilə matçla başladıq və açılış oyunu həmişə xüsusilə həyəcanlıdır, rəqabət ritmini hiss etmək lazımdır. İspaniya ilə yarımfinala qədər biz oyun sürətində idik. Amma rəqibimiz kim olursa olsun, biz matça qələbə üçün çıxırıq. Eyni zamanda, rəqiblərimizə hörmət edirik, başqa cür ola bilməz.

- Çempionatın simvolik komandasına daxil oldunuz. Öz oyununuzu necə qiymətləndirirsiniz?

- Basketbol komanda oyunudur. Bəli, fərdi göstəricilər vacibdir, amma əsas komandanın nəticəsidir. Komandada hamı meydanda liderdir. Məsələn, Brianna Freyzer 41 xal toplayaraq turnirin ikinci bombardiri olub. Beləliklə, meydanda olan hər kəs bu uğurda böyük töhfə verdi - həm Aleksandra Mollenhauer, həm də Dina Ulyanova. Biz birlikdə bir komandayıq. Ona görə də simvolik komandaya daxil olmaq xoşdur, lakin kollektiv nailiyyət daha vacibdir.

- Bu il komanda Dünya Seriyasının iki mərhələsində qalib gəldi, tezliklə final mərhələsi də olacaq. Avropa çempionatının gümüşünü də nəzərə alsaq, bu mövsüm komandanın sabitliyini vurğulaya bilərik. Sizin fikriniz necədir?

- Fikrimcə, yaxşı oynayırıq. Nəticələr isə komandanın həqiqətən də ən ciddi şəkildə hazır olduğunu göstərir. Komandaya, qızlara çox inanıram. Və harada oynamağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparırıq. Hər şeyə zaman lazımdır və biz addım-addım irəliləyib özümüzə yüksək hədəflər qoymağa çalışırıq.

- Cəmi beş gündən sonra Dünya Seriyasının final turnirində oynayacaqsız. Şanxaya səfərdən nə gözləyirsiniz?

- Rəqibimiz kim olursa olsun, həmişə komandamızın gücünə inanıram. Bizi güclü rəqiblərlə çətin və maraqlı görüşlər gözləyir. Avropa çempionatındakı uğurumuzdan sonra Çinə daha böyük həvəslə gedəcəyik.

Zəki Feyzullayev
İdman.biz