Uğur Özdemir: “Nəticəni oynanılan basketbol müəyyənləşdirsəydi...”

Xəbərlər
8 May 2024 09:34
Uğur Özdemir: “Nəticəni oynanılan basketbol müəyyənləşdirsəydi...”

“Rəqib ilk hissədə eyni sərtliklə və eyni standartlar altında oynamağımıza imkan vermədi. Xüsusilə, basketboldan anlayanlar bu hissəni izləyibsə, nədən bəhs etdiyimi çox yaxşı biləcəklər”.

İdman.biz xəbər verir ki, bunu “Xırdalan”nın baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Sabah”a 85:101 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, istədikləri oyunu nümayiş etdirə bilməyiblər: “Hücumda çox pis təsir bağışladıq. Rəqib isə əksinə, ekstra hücum performansı sərgilədi. Nəticəni oynanılan basketbol müəyyənləşdirsəydi... Səhvlərimiz oldu və bunlardan mütləq nəticə çıxaracağıq. Ümid edirəm ki, digərləri də etdikləri səhvlərdən dərs götürəcək. Çünki artıq pley-off oynayırıq, amma bəziləri o səviyyədə deyil”.

Qeyd edək ki, tərəflər arasında seriyanın növbəti oyunu mayın 10-da keçiriləcək.

İdman.biz