“Sabah”ın kapitanı: “Onların qalib gəlməsini istəyirdik ki, revanş alaq”

Xəbərlər
3 May 2024 12:54
386
“Sabah”ın kapitanı: “Onların qalib gəlməsini istəyirdik ki, revanş alaq”

“Xırdalan”ın yarımfinala yüksəlməsi sürpriz oldu”.

Bunu İdman.bizə “Sabah”ın basketbolçusu Endər Poladxanlı deyib.

Kapitan bildirib ki, “Neftçi”ni məğlub edərək yarımfinalda onlara rəqib olan “Xırdalan”la oyun çətin olacaq: “Xırdalan” yaxşı komandadır. Güclü rəqibdir. “Neftçi”yə qarşı başabaş oyun olacağı gözlənilirdi. Seriyada 2:0 hesabı olacağını təxmin edə bilməzdim. Fikirləşirdim ki, 2:1 hesabı qeydə alınar. Yarımfinalda bizə heç də asan olmayacaq. İnanıram ki, bizi maraqlı yarımfinal oyunu gözləyir”.

Poladxanlının sözlərinə görə, onlar üçün rəqibin kim olmasının fərqi yoxdur: “İkisi də çox güclüdür. Sadəcə, gözləyirdik, kim udacaqsa, ona uyğun hazırlaşaq. “Neftçi” bizi müntəzəm çempionatda 2 dəfə məğlub edib. Onların qalib gəlməsini istəyirdik ki, revanş alaq. Heç asan olmayacaq. Yarımfinalda kiminsə asan qalib gələ biləcəyini düşünmürəm. Amma hədəfimiz ancaq çempionluqdur. Təəssüflər olsun ki, kuboku qazana bilmədik”.

Qeyd edək ki, “Sabah”la “Xırdalan” arasında ilk yarımfinal matçı mayın 7-də keçiriləcək.

Emin Ağa
İdman.biz