NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

21 Oktyabr 2026 12:18
111
NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Milli Basketbol Assosiasiyası (NBA) Avropada “NBA Europe” adlı yeni liqanın yaradılması istiqamətində danışıqların son mərhələsinə yaxınlaşıb. Layihənin 2027-ci ilin oktyabrında həyata keçirilməsi planlaşdırılır.

İdman.Biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, NBA komissarının müavini Mark Teytum bir neçə Avropa klubu ilə razılaşmaların yekunlaşdırılmaq üzrə olduğunu bildirib.

Onun sözlərinə görə, yeni liqada iştirak edəcək ilk komandaların adları yaxın vaxtlarda açıqlana bilər.

“NBA Europe” layihəsi Beynəlxalq Basketbol Federasiyası (FIBA) ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Yarışda həm daimi iştirakçıların, həm də idman nəticələrinə əsasən vəsiqə qazanan komandaların mübarizə aparması nəzərdə tutulur.

Teytum bildirib ki, layihə Avropa basketboluna genişmiqyaslı investisiyalar cəlb etməyi hədəfləyir. Vəsaitin idman akademiyalarının inkişafına, infrastrukturun yenilənməsinə, marketinqə və yarışların təşkilinə yönəldilməsi planlaşdırılır.

NBA rəhbərliyi yeni liqanın klublar üçün daha dayanıqlı maliyyə modeli yaradacağına inanır.

Bununla yanaşı, NBA ilə Avroliqa arasında əməkdaşlıq imkanları hələ də müzakirə olunur. Tərəflər arasında yekun razılaşma əldə edilməsə də, NBA layihəni müstəqil şəkildə davam etdirməyə hazırdır.

Yeni liqanın yaradılması Avropa klub basketbolunda rəqabət mühitinə və mövcud turnirlərin gələcəyinə ciddi təsir göstərə bilər.

İdman.Biz