“Sumqayıt” BK-nın baş məşqçisi: “Mənim onlardan nə istədiyimi başa düşmürlər”

18 Oktyabr 2026 20:48
132
“Sumqayıt” BK-nın baş məşqçisi: “Mənim onlardan nə istədiyimi başa düşmürlər”

“Sumqayıt” basketbol komandasının baş məşqçisi Uğur Özdemir Azərbaycan Basketbol Liqasının üçüncü turunda “Neftçi”yə 69:86 hesablı məğlubiyyəti dəyərləndirib.

İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandanın hələ istədiyi səviyyədə olmadığını bildirib.

“Rəqibi təbrik edirəm. Bəzən yaxşı oynadıq, bəzən isə oyundan qopduq. Daha əvvəl də demişəm ki, tamamilə fərqli komanda görəcəyik. Amma hələlik müəyyən problemlər yaşayırıq. Əsas çətinliyimiz qarşılıqlı anlaşma ilə bağlıdır. Bunu da yoluna qoyacağıq”, - deyə Özdemir bildirib.

Baş məşqçi heyətin potensialına inandığını, lakin basketbolçular arasında uyğunlaşma prosesinin davam etdiyini vurğulayıb:

“Heyətimiz keyfiyyətlidir. Sadəcə, oyunçularımız bir-birini yaxşı tanımırlar. Hətta mənim onlardan nə istədiyimi də başa düşmürlər. Hələlik bu görüşlər bizim üçün hazırlıq matçları kimidir”.

Özdemir “Sumqayıt”la böyük uğurlar qazanmaq istədiyini də diqqətə çatdırıb:

“Mənim komandalarım hər zaman yüksək hədəflər uğrunda mübarizə aparır. “Xırdalan”da bunu bacardım. İndi “Sumqayıt”ı da eyni səviyyəyə qaldırmaq istəyirəm”.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Basketbol Liqasının üçüncü turunda “Neftçi”yə 17 xal fərqi ilə məğlub olub - 69:86.

İdman.Biz