Azərbaycan basketbol klublarını avrokuboklarda yeni sınaqlar gözləyir - İDMAN.BİZ-İN İCMALI - FOTO

13 Oktyabr 2026 15:43
125
Azərbaycan basketbol klublarını avrokuboklarda yeni sınaqlar gözləyir - İDMAN.BİZ-İN İCMALI

Azərbaycan basketbol klublarını avrokuboklarda yeni sınaqlar gözləyir. Qrup mərhələsinin ikinci turunda təmsilçilərimiz mövsümə uğursuz startdan sonra ilk qələbələrini qazanmağa çalışacaqlar.

İdman.Biz xəbər verir ki, avrokubok həftəsi FIBA Avropa Kubokunda iki oyunla başlayacaq. “Landau Lions” səfərdə Slovakiyada meydana çıxacaq, “Gəncə” isə tarixində ilk dəfə avrokubok matçını doğma meydanda keçirəcək.

“Landau Lions” bu dəfə Slovakiyanın “Prievidza” klubu ilə qarşılaşacaq. Erhan Tokerin rəhbərlik etdiyi komanda ilk turda İsveçrənin “Lions de Geneve” klubuna evdə böyük hesabla uduzub - 83:105. Azərbaycan təmsilçisinin heyətində Freyzer 22, Orelik 20 xal toplayıb. Edvard Polayt isə 16 xal və 12 ribaundla dabl-dabl edib.

İndi “Landau Lions” səfərdə uğursuzluğun əvəzini çıxmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan klubunun rəqibi “Prievidza” zəngin tarixə və Avropa arenasında çıxış təcrübəsinə malikdir. 1947-ci ildə yaradılan komanda Çexoslovakiya çempionatının ikiqat (1989, 1993), müstəqil Slovakiya çempionatının isə dördqat qalibidir (1994, 1995, 2012, 2016). Slovakiya təmsilçisi 2026-cı ilin fevralında ölkə kubokunu da qazanıb. Finalda “Levice” klubunu 80:77 hesabı ilə məğlub edən “Prievidza” tarixində ikinci dəfə bu titula yiyələnib.

“Prievidza” FIBA Avropa Kubokunda mübarizəyə təsnifat mərhələsindən başlayıb. Slovakiya təmsilçisi Xorvatiyanın “Samobor” klubunu iki oyunun nəticəsinə əsasən inamla üstələyib - 103:83 və 98:65. Lakin qrup mərhələsinin ilk turunda uğur qazana bilməyib. Oktyabrın 6-da Türkiyədə “Denizli”yə 69:83 hesabı ilə uduzub. Həmin görüşdə Kriştion Yucin 21, Amer Məhəmməd isə 18 xal toplayıb.

Bununla belə, “Prievidza” ölkə çempionatında daha inamlı təsir bağışlayır. Komanda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb. Slovakiyalılar son matçda Bratislavanın “İnter” klubunu 100:50 hesabı ilə darmadağın ediblər. Görüşün ən məhsuldar basketbolçusu 13 xal toplayan Ceylen Smit olub.

“Landau Lions” da cavab verməyə hazırdır. Komanda Azərbaycan Basketbol Liqasında (ABL) NTD-ni 102:68 hesabı ilə məğlub edib. Bununla yanaşı, “şirlər” ölkə çempionatındakı ilk oyunlarında son çempion “Sabah”a 74:84 hesabı ilə uduzublar.

Qeyd edək ki, “Landau Lions” FIBA Avropa Kubokunun G qrupunda mübarizə aparır. Azərbaycan təmsilçisinin digər rəqibləri Danimarkanın “Bakken Bears”, Portuqaliyanın “Benfika” və Türkiyənin “Yukatel Denizli Basket” klublarıdır.

Günün ikinci qarşılaşması “Gəncə” üçün xüsusi əhəmiyyət daşıyır. ABL-in bürünc mükafatçısı tarixində ilk dəfə avrokubok oyununu doğma meydanda keçirəcək. Gəncə İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq.

“Landau Lions” kimi, “Gəncə” də FIBA Avropa Kubokuna ağır məğlubiyyətlə başlayıb. Komanda ilk turda səfərdə Türkiyənin “Esenler Erokspor” klubuna 63:92 hesabı ilə uduzub. Azərbaycan təmsilçisinin heyətində Kobi Meqi 16, Latavius Mitçell isə 13 xal toplayıb.

İndi “Gəncə”ni Yunanıstanın “Kolossos” klubu ilə qarşılaşma gözləyir. Rodos təmsilçisinin Yunanıstan çempionatında və avrokuboklarda titulu olmasa da, komanda Avropanın güclü basketbol ölkələrindən birini təmsil edir. “Kolossos”un ölkə çempionatındakı ən yaxşı nəticəsi 2011/12 mövsümündə dördüncü yeri tutmasıdır.

Bu mövsümədək Avropa arenasında qələbə qazanmayan Yunanıstan klubu qrup mərhələsinə uğurlu start verib. “Kolossos” ilk turda Rumıniyanın “Krayova” komandasını 77:65 hesabı ilə məğlub edib. Georgios Kamperidis 16, Peyton Uillis isə 14 xal toplayıb. Bu qələbə Rodos təmsilçisi üçün avrokuboklardakı ilk uğur olub.

“Kolossos”un FIBA Avropa Kubokuna gedən yolu isə Çempionlar Liqasının təsnifat mərhələsindən keçib. Yunanıstan klubu sentyabrın 15-də Türkiyənin “Körfez” komandasına 79:91 hesabı ilə uduzaraq mübarizəni bu turnirdə dayandırıb və avrokubok mövsümünü daha aşağı səviyyəli yarışda davam etdirib.

Yunanıstan çempionatında komandanın nəticələri hələlik qeyri-sabitdir. “Kolossos” “Doxa Lefkadas”ı 91:75 hesabı ilə məğlub etsə də, ölkənin aparıcı klublarından olan “Olimpiakos”a 83:99 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Rodos təmsilçisi həmin görüşdə hücum potensialını nümayiş etdirib və üçxallıq atışların 18-ni dəqiq yerinə yetirib. Komandanın bu atışlardakı dəqiqliyi 50 faiz olub.

“Gəncə” isə ABL-də indiyədək yalnız bir qələbə qazanıb. Komanda “Ordu”nu 92:90 hesabı ilə məğlub edib. “Sabah”la ikinci tur oyunu hər iki klubun avrokuboklarda iştirakı ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.

Beləliklə, İstanbulda böyük hesabla məğlub olan “Gəncə”ni növbəti ciddi sınaq gözləyir. Bu dəfə doğma meydanda oynayacaq komanda azarkeş dəstəyindən yararlanaraq çətin rəqibinə qarşı mübarizə aparmağa çalışacaq.

“Gəncə” FIBA Avropa Kubokunun C qrupunda çıxış edir. Komandanın digər rəqibləri Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Rumıniyanın “Universitatya Krayova” klublarıdır.

Azərbaycan klubları üçün avrokubok həftəsi bununla bitməyəcək. Oktyabrın 14-də ölkəmizi təmsil edən komandaların daha iki oyunu keçiriləcək.

FIBA Avropa Kubokunda Azərbaycan klublarının həftə ərzindəki son qarşılaşmasında “Neftçi” Latviyanın VEF klubunu qəbul edəcək. Sərhədçi İdman Kompleksində keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Neftçi” də turnirə məğlubiyyətlə başlayıb. Oktyabrın 6-da Bakı təmsilçisi səfərdə Yunanıstanın “Mikonos” klubuna 58:78 hesabı ilə uduzub. Komandanın ən məhsuldar basketbolçusu 17 xal və 10 ribaundla Rob Hovard olub.

Xüsusilə üçüncü period “Neftçi” üçün uğursuz keçib. İlk yarını 40:34 hesablı üstünlüklə başa vuran Bakı klubu üçüncü periodda rəqibinə 4:23 hesabı ilə uduzub. İndi komanda daha nüfuzlu rəqiblə görüşdə bu səhvləri aradan qaldırmağa çalışacaq.

VEF Latviyanın ən titullu klublarından biridir və mütəmadi olaraq Avropa yarışlarında iştirak edir. Üstəlik, Latviya təmsilçisi bu mövsüm artıq Azərbaycan klubunu məğlub edib. FIBA Çempionlar Liqasının təsnifat mərhələsində VEF ABL-in gümüş mükafatçısı “Landau Lions”u 105:88 hesabı ilə üstələyib. Həmin görüşün əsas qəhrəmanı 38 xal toplayan Cordan Sirs olub. O, bununla turnirin təsnifat oyunlarında məhsuldarlıq rekordu müəyyənləşdirib.

Lakin Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci raundunda VEF Polşanın “Dziki” klubuna gərgin mübarizədə uduzub – 95:102. Bundan sonra Riqa təmsilçisi mübarizəni FIBA Avropa Kubokunun qrup mərhələsində davam etdirib. Latviya klubu ilk turda Bolqarıstanın Plovdiv şəhərini təmsil edən “Lokomotiv”i 106:83 hesabı ilə məğlub edib.

VEF-in heyətində Cordan Sirs 30 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə çıxış edib. Luis Rodriqes 20 xal və 10 ribaund, Ayqars Şkele isə 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Latviya və Estoniya klublarının birgə çempionatında da VEF uğurlu çıxış edir. Komanda keçirdiyi beş oyunun hamısında qələbə qazanıb. Oktyabrın 10-da baş tutan son görüşdə Riqa təmsilçisi Estoniyanın “TalTech” klubunu 90:70 hesabı ilə məğlub edib.

“Neftçi” isə ABL-də indiyədək yalnız bir oyun keçirib. Bakı klubu mövsümə “Ordu” üzərində 83:79 hesablı qələbə ilə başlayıb. İndi Azərbaycan təmsilçisi həm ölkə çempionatında, həm də Avropa arenasında inamlı təsir bağışlayan rəqib qarşısında gücünü sınayacaq.

“Neftçi” FIBA Avropa Kubokunun H qrupunda mübarizə aparır. Komandanın digər rəqibləri Rumıniyanın “Oradea”, İsveçrənin “Fribourg Olympic” və Bolqarıstanın “Lokomotiv” klublarıdır.

Azərbaycanın FIBA Çempionlar Liqasındakı yeganə təmsilçisi, ABL-in son çempionu “Sabah” da həftə ərzində növbəti oyununa çıxacaq. Bakı klubu turnirin A qrupunda mübarizə aparır.

Digər Azərbaycan klublarından fərqli olaraq, “Sabah” ilk turda rəqibinə ciddi müqavimət göstərib. Oktyabrın 6-da Bakı təmsilçisi Litvada turnirin son qalibi “Rytas”a 73:82 hesabı ilə uduzub. Qarşılaşmanın bitməsinə altı dəqiqə qalmış “Sabah” 69:67 hesabı ilə öndə olsa da, sonradan rəqibin 12:0 hesablı seriyasına mane ola bilməyib.

Beləliklə, Azərbaycan çempionu gözlənilməz qələbəyə yaxın olsa da, sonda meydanı məğlub tərk edib. Komandanın heyətində Frenki Fidler 19, Nik Perkins isə 16 xal toplayıb və 11 ribaund əldə edərək dabl-dabl edib.

İndi “Sabah”ı Türkiyədə çətin sınaq gözləyir. Bakı klubu Hayri Gür Arenasında “Trabzonspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Türkiyə təmsilçisi FIBA Çempionlar Liqasına Fransa klubu “Nanter” üzərində qələbə ilə start verib. “Trabzonspor” əlavə vaxtda 93:83 hesabı ilə qalib gəlib. Əsas vaxt isə 76:76 hesabı ilə başa çatıb.

Türkiyə klubunun heyətində Markus Kin 24 xal və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yiğit Arslan 15, Ayzeya Kənan isə 10 xal toplayıb.

“Nanter” üzərində qələbə “Trabzonspor” üçün xüsusi əhəmiyyət daşıya bilər. Komandalar 2015-ci ildə də üz-üzə gəliblər və həmin vaxt Türkiyə təmsilçisi son saniyələrdə fransızlara məğlub olub.

Türkiyə çempionatında “Trabzonspor” iki qələbə qazanıb və bir dəfə məğlub olub. Komanda “Bursaspor”u 82:76, “Bordo Bandırma”nı 83:80 hesabı ilə üstələyib, “Beşiktaş”a isə 81:90 hesabı ilə uduzub.

“Sabah” ABL-də hələlik yalnız bir oyun keçirib. Bakı klubu həmin qarşılaşmada “Landau Lions”u 84:74 hesabı ilə məğlub edib.

Səfər oyununun çətinliyinə baxmayaraq, Azərbaycan çempionunun qələbə uğrunda mübarizə aparmaq üçün əsasları var. İlk turda komanda hətta Çempionlar Liqasının son qalibi ilə rəqabət aparmağa qadir olduğunu göstərib. İndi “Sabah” bu potensialını “Trabzonspor”la görüşdə təsdiqləməyə çalışacaq.

Beləliklə, oktyabrın ikinci həftəsi Azərbaycan basketbolu üçün ciddi sınaq olacaq. İlk turda uğursuz çıxış edən klublar avrokuboklarda mövqelərini yaxşılaşdırmağa çalışacaqlar. Azarkeşlər isə təmsilçilərimizin ilk qələbələrini qazanmasını və ümidverici nəticələr göstərməsini gözləyirlər.

İdman.Biz