Azərbaycan Basketbol Liqasının ikinci turunda “Naxçıvan”ın “Sumqayıt” üzərində 87:76 hesablı qələbəsindən sonra hər iki komandanın baş məşqçisi görüşü dəyərləndirib.
İdman.Biz xəbər verir ki, “Naxçıvan”ın çalışdırıcısı Georgi Kondruseviç hazırlıq üçün kifayət qədər vaxtlarının olmadığını bildirib.
“Bizim üçün çətin oyun idi, çünki hazırlığa çox vaxtımız olmayıb. Yalnız sentyabrın 27-dən tam heyətlə məşq edirik və bu da müəyyən çətinliklər yaradırdı. Buna baxmayaraq, basketbolçular yaxşı mübarizə apardılar, həm komandanı, həm də azarkeşləri sevindirdilər. Bu qələbə bizim üçün irəliyə doğru ciddi addım oldu. Bununla belə, oyunumuzun keyfiyyətini artırmaq üçün hələ çox çalışmalıyıq”, - deyə Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
“Sumqayıt”ın baş məşqçisi Uğur Özdəmir isə məğlubiyyətin gözlənilməz olduğunu etiraf edib. O, əsas problemin hücumların qurulması zamanı buraxılan səhvlərlə bağlı olduğunu vurğulayıb.
“Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik. Rəqib yaxşı oynadı, onları qələbə münasibətilə təbrik edirəm. Komandamız cəmi 15 gün əvvəl formalaşıb və mübarizə aparmağa çalışdıq. Ancaq sadə səhvlərə yol verdik. Xüsusilə hücumları qurarkən top itkilərimiz çox oldu. Rəqib də bundan istifadə edərək sürətli əks-hücumlar təşkil etdi. Məğlubiyyətimizin əsas səbəbi bu idi.
Yeni komanda olduğumuzu nəzərə alsaq, o qədər də pis oynadığımızı düşünmürəm. Biz mütləq daha güclü olacağıq! Bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm. Narahat olmasınlar, onları hələ qələbələrlə sevindirəcəyik. Qarşıda uzun yolumuz var”, - deyə Özdəmir bildirib.
Qeyd edək ki, “Naxçıvan” cari mövsümdə ilk qələbəsini qazanıb. “Sumqayıt” isə çempionatda ilk məğlubiyyətini alıb.
