“LANDAU Lions”un basketbolçusu: “Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”

8 Oktyabr 2026 13:14
85
“LANDAU Lions”un basketbolçusu: “Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”

“Həm hücumda, həm də müdafiədə çox bərbad çıxış etdik. Bunun dəqiq səbəbini bilmirəm, bəlkə də hazırlıq matçlarının azlığı və ya digər amillər təsirini göstərdi. Məşqlərdə yaxşı təsir bağışlasaq da, görünür, hələ də bir-birimizi tam hiss edə və meydançada lazımi köməyi göstərə bilmirik. İnanıram ki, bu, cari mövsümdə göstərdiyimiz sonuncu ən pis oyun olacaq”.

Bu sözləri “LANDAU Lions”un litvalı basketbolçusu Gediminas Orelik FIBA Avropa Kubokunun G qrupunda Bakıda İsveçrənin “Lions de Geneve” klubuna 83:105 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

Komandanın turnirdəki hədəflərindən danışan 36 yaşlı hücumçu mümkün qədər irəliləmək istədiklərini bildirib.

“Tədricən öz oyunumuzu tapacağıq və hər matçda daha yaxşı təsir bağışlamağa çalışacağıq. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Təcrübəli basketbolçu şəxsi statistikasından çox komandanın nəticəsinin önəmli olduğunu vurğulayıb:

“Şəxsi çıxışım haqqında danışmağı sevmirəm. Əgər məğlub oluruqsa, deməli, çıxışım pisdir. Mən az xal toplayım, təki komanda qələbə qazansın. Yaşımın bu mərhələsində şəxsi statistikalarım haqqında düşünmürəm. Bizim üçün prioritet komandanın uğuru və qələbəsidir”.

Qeyd edək ki, bu qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da yer alır.

İdman.Biz