“LANDAU Lions”un baş məşqçisi Erhan Toker və komandanın kapitanı Ceyms Freyzer FIBA Avropa Kubokunun G qrupunda “Lions de Geneve”yə 83:105 hesabı ilə uduzduqları oyunu dəyərləndiriblər.
İdman.Biz xəbər verir ki, Toker qarşılaşmada komandasının oyun planını yerinə yetirə bilmədiyini bildirib.
“Çox atletik komandaya qarşı oynadıq. Son 4-5 oyunda bu qədər xal atmamışdılar. Biz isə planımızın tam tərsini etdik. Mərkəzdə oyunçumuzun olmaması heyətə, rotasiya imkanlarına çox ciddi təsir edir. Rəqib çox cəld komandadır. İşimizi yaxşı görmədik. Əsas oyunçularımızdan Freyzer xallarını qazandı. De Ondre Ceksondan həm müdafiədə, həm də hücumda istədiyimizi ala bilmədik. Mənə görə, onların planlarında Freyzer qədər De Ondreni də sıradan çıxartmaq var idi və bu alındı”, - deyə baş məşqçi bildirib.
Toker qrupdakı rəqiblərin gücünü də vurğulayıb:
“Çox güclü qrupdayıq. Ən azı bundan da güclü rəqiblər olacaq, çətin matçlar keçirəcəyik. Əsas sıxıntımız sərt müdafiə oluna bilməməyimizdir”.
Komandanın kapitanı Ceyms Freyzer isə rəqibin oyununu yüksək qiymətləndirib və öz çıxışını da tənqid edib.
“Rəqib haqqında yaxşı sözlər deyə bilərəm. Gənc komandadır. Çox yaxşı oynayırlar. Biz isə kifayət qədər hazır deyildik. İkinci hissə bizim üçün problem idi. Onları gözəl oyuna görə ancaq təbrik etmək olar”, - deyə Freyzer bildirib.
Kapitan komandanı arxasınca apara bilməməsinin səbəbini də açıqlayıb:
“Biz hazırda fərqli və yeni komandayıq. Keçən ilkindən fərqliyik. Bu il həm də Cordan Perkins var, parketdə olacağımız zamanı onunla yarı-yarı bölüşməliyik. Mən lider olaraq uğursuzluğa düçar oldum. Komandamı yaxşı hazırlaya bilməmişdim, ardımca apara bilmədim. Amma ölüm günümüz deyil. Oyunun təkrarına baxıb nəticə çıxaracağıq”.
Freyzer Azərbaycan basketbolunda uğur qazanmaq istədiyini də qeyd edib:
“Mənim buradan çox xoşum gəlir, ona görə 2 illik müqavilə imzalamışam. Nəsə uğurlar olsa, Azərbaycan basketbolunun imicini dəyişə bilər. 15 ildir basketbolla məşğulam, bir çox ölkələrdə oynamışam. Məqsədim uğurlar qazanılsın, komandamı yüksəklərə qaldıra bilim və yeni nəsli arxamızca daşıya bilək”.
