“Neftçi SOCAR” 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının mövsüm finalında mübarizəsini yarımfinal mərhələsində başa vurub.
İdman.Biz xəbər verir ki, Çinin Şanxay şəhərində keçirilən final mərhələsində Azərbaycan təmsilçisi Fransa millisi ilə qarşılaşıb və 13:15 hesabı ilə məğlub olub.
“Neftçi SOCAR” yarımfinal görüşündə heyətlə bağlı ciddi problemlə üzləşib. Komanda dördüncü oyunçu Aio Katsuranın köməyindən istifadə edə bilməyib və qarşılaşmanı cəmi üç basketbolçu ilə başa vurmaq məcburiyyətində qalıb.
Buna baxmayaraq, təmsilçimiz sonadək mübarizə aparıb və Fransa millisinə cəmi iki xal fərqlə uduzub.
Neftçi SOCAR Şanxay Finalını ən güclü dörd komanda sırasında tamamlayıb.
Komandamız həmçinin FIBA 3x3 Qadınlar Seriyasının 2026 mövsümünü ümumi sıralamada ikinci pillədə başa vurub.
“Neftçi SOCAR” 1/4 finalda Monqolustanın “Ulaanbaatar” klubunu 21:18 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.
Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.
13:31
“Neftçi SOCAR” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında yarımfinala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, Çinin Şanxay şəhərində keçirilən mövsümün final mərhələsində Azərbaycanı təmsil edən komanda 1/4 finalda Monqolustanın “Ulaanbaatar” klubunu 21:18 hesabı ilə məğlub edib.
Bu qələbə ilə “Neftçi SOCAR” turnirin ən güclü dörd komandası sırasına yüksəlib.
Təmsilçimizin yarımfinaldakı rəqibi Fransa millisi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
“Neftçi SOCAR” mövsüm ərzində Dünya Qadın Seriyasının müxtəlif mərhələlərində çıxış edərək Şanxayda keçirilən final mərhələsinə vəsiqə qazanmışdı.
09:41
Çinin Şanxay şəhərində 3x3 basketbol üzrə qadınlar arasında Dünya Seriyasının final mərhələsinə yekun vurulur.
İdman.Biz xəbər verir ki, Azərbaycanın “Neftçi SOCAR” klubu bu gün 1/4 finalda Monqolustanın “Ulan-Bator Amazons” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Bakı təmsilçisi qrup mərhələsində A qrupunda mübarizə aparıb. “Neftçi SOCAR” Fransa (17:15) və Almaniya (16:11) yığmalarına qalib gəlib, Niderlanda isə 12:22 hesabı ilə məğlub olub.
