Sabah Şanxayda qadın basketbolçular arasında 3x3 üzrə Dünya Seriyasının final mərhələsi start götürəcək.
Turnirdə “Neftçi SOCAR” da iştirak edəcək. Çində seriyanın ən güclü səkkiz komandası mübarizə aparacaq. Onlar iki qrupa bölünəcəklər. Hər qrupun ilk iki pilləsində qərarlaşan kollektivlər yarımfinala yüksələcəklər.
“Neftçi SOCAR”ın aparıcı basketbolçusu Brianna Freyzer final mərhələsi ərəfəsində hazırlıq prosesini İdman.Biz-lə bölüşüb.
- Brianna, klub final öncəsi nə dərəcədə motivasiyalıdır? Qələbə uğrunda mübarizə apara biləcəyinizə inanırsınız?
- Hamımız mübarizəyə çox köklənmişik. Bütün mövsüm ərzində bir çox güclü turnirdə iştirak etdik və dünyanın ən yaxşı komandalarına qarşı oyunlar keçirdik. Onların hər biri daha da yaxşılaşmağımıza kömək etdi. “Neftçi SOCAR”ın seriyanın ümumi sıralamasında ikinci yeri tutması da təsadüfi deyil. İndi ilin ən vacib məqamı gəlib çatıb. Nəyə qadir olduğumuzu bilirik, bir-birimizə inanırıq və təbii ki, Şanxaya qələbə uğrunda mübarizə aparmaq istəyi ilə yollanmışıq.
- Qrupumuz Niderland, Fransa və Almaniyanın iştirakı nəzərə alınmaqla kifayət qədər güclüdür. Rəqibləri necə qiymətləndirirsiniz?
- Bu, həqiqətən də çox rəqabətli üçlükdür. Hər üç komandanın böyük təcrübəsi var və istənilən rəqibə qalib gələ bilərlər. Ümumiyyətlə, 3x3 basketbolda bir neçə dəqiqə belə arxayınlaşmağa imkan yoxdur. Çünki oyun çox sürətlə dəyişə bilər. Buna görə də bizim üçün əsas məsələ hər matça ayrı-ayrılıqda köklənmək, öz basketbolumuzu oynamaq və məşqçinin planını yerinə yetirməkdir. Əgər bunları bacarsaq, düşünürəm ki, yaxşı şanslarımız olacaq.
- “Neftçi SOCAR” üçün mövsüm çox gərgin keçdi. Dünya Seriyasının mərhələləri komandanı finala nə dərəcədə hazırladı?
- Hər turnir vacib idi. Bəzən istədiyimiz basketbolu nümayiş etdirirdik, bəzən səhvlərə yol verirdik. Amma məhz belə oyunlar komandanın inkişafına kömək edir. Birlikdə çox oynadıq və meydançada bir-birimizi daha yaxşı başa düşməyə başladıq. Düşünürəm ki, hazırda komanda daxilindəki qarşılıqlı anlaşmamız mövsümün əvvəlində olduğundan xeyli yaxşıdır.
- Ötən il Azərbaycan millisi Şanxayda Dünya Seriyasının finalına qədər yüksəldi. Deməli, bu dəfə son addımı ataraq kuboku qazanmaq üçün əsaslar var?
- Əlbəttə. Ötənilki final milli komandanın heyətində mənim üçün çox yaxşı xatirələr qoyub. Çünki əla turnir keçirdik və dünyanın ən yaxşı komandaları ilə rəqabət apara biləcəyimizi göstərdik. Amma finala qədər gəlib çempionluğa bir addım qalmış dayananda təbii ki, geri qayıdıb daha böyük nəticə əldə etmək istəyirsən. Bununla belə, biz çox uzağa getmək istəmirik. Əvvəlcə qrup mərhələsini yaxşı keçməliyik, daha sonra isə matçdan-matça irəliləməliyik.
- Dünya Seriyasının Takasakidə keçirilən son mərhələsində yenidən komandanın liderlərindən biri oldunuz. Final öncəsi fiziki və oyun formanızdan nə dərəcədə razısınız?
- Özümü yaxşı hiss edirəm. Amma mənim üçün heç vaxt əsas məsələ neçə xal toplamağım olmayıb. 3x3 basketbolda hər bir oyunçu komandaya müxtəlif yollarla kömək etməlidir - xal toplamaq, ribaund uğrunda mübarizə aparmaq, müdafiə olunmaq, komanda yoldaşları üçün imkanlar yaratmaq. Əgər oyunum “Neftçi SOCAR”a qələbə qazanmağa kömək edirsə, mənim üçün ən vacib olan budur.
