Basketbol həftəsi Çempionlar Liqasının qrup oyunları ilə əlamətdar olacaq. Azərbaycanın çempionu “Sabah” dekabrın 9-da Gimnastika Arenasında Çexiyanın “Nimburk” klubunu qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qonaq komanda artıq Bakıya gəlib. Komandanın hücumçusu Voytex Xruban səfər təəssüratlarını və qarşıdakı matçla bağlı gözləntilərini bölüşüb.
Basketbolçu etiraf edib ki, bu, onun Bakıya ilk səfəridir.
“Çoxdan basketbol oynamadığım bir ölkədə olmamışdım. Səfər kifayət qədər yaxşı keçdi. İstanbulda bir dayanacağımız vardı və orada nahar etdik. Səfərlərə alışmışıq, buna görə də çətin olmadı. Daha ağır səfərlər də olur. Doğrudur, Avropa daxilində öyrəşdiyimiz məsafələrdən daha uzağa uçduq. Amma uçuş xoş keçdi, səyahət rahat idi”, - deyə o bildirib.
O, komandanın oyuna strategiyasından da danışıb. Xruban qeyd edib ki, “Nimburk”un məqsədi qrupda üçüncü yeri qorumaqdır ki, bu da Çempionlar Liqasının 1/8 finalına vəsiqə verir:
“Son tura qədər sakitliyi qorumaq və başqalarının nəticələrinə ümid etməmək istəyirik. Qrupdakı durum bizim oyunumuzla paralel inkişaf edir. “Şalon”la ev oyununda xal çatmadı. Hər şey bizim nəzarətimizdə idi, amma əlavə vaxtda uduzduq. “Alba” isə sadəcə bizdən ikiqat güclü idi. İndi üçüncü yeri tutmalıyıq, ondan sonra hər şey mümkündür. Yüksək tempdə oynamaq vacibdir. “Sabah” yaxşı oyunçulara malikdir, amma çox dar zonada oynayırlar”, – deyə çexiyalı basketbolçu vurğulayıb.
“Nimburk” həmçinin “Sabah”ın sonuncu pillədə olsa da, onlardan cəmi 1 xal geridə qaldığını və səviyyəli heyətə sahib olduğunu qeyd edib: “Komandada Fransanın yüksək liqasından gəlmiş iki təcrübəli mərkəz oyunçusu var. Cəstin Tillman “Nanter”də çıxışı ilə “Nimburk” azarkeşlərinə yaxşı tanışdır. Ötən mövsüm Kralovedə bizimlə oyunda 25 xal toplayaraq komandasının qələbəsinə yardım etmişdi. Eləcə də komandada “Bour” klubunda Avrokubokda çıxış etmiş Jan-Mark Pansa var: o, ötən mövsüm matç başına səkkiz xal yığırdı. Mərkəz mövqeyində digər təcrübəli oyunçu latviyalı Klavs Çavarsdır.
Amerikalı Həssani Qravett ötürmələrə cavabdehdir. O, “Orlando” ilə NBA-də səkkiz dəfə start heyətdə çıxıb, həmçinin Almaniya və Polşada oynayıb. Ona bu yaxınlarda Devid Nikolsun əvəzləyicisi olan Cerri Bleiks qoşulub. Bleiks çox təcrübəlidir – İtaliya, Almaniya, Polşa, Litva və Fransada çıxış edib. O, “Şole” klubunda Voytex Xrubanla bir yerdə də oynayıb. Çempionlar Liqasında “Sabah”la ilk matçında “Şalon” üçün 17 xal yığdı.
Cinahda digər amerikalı, Macarıstan çempionu “Solnok”la titul qazanan Ceyms İds oynayır. Daha əvvəl o, Polşada çıxış edib. “Sabah”ın oyunu yeddi legioner üzərində qurulub, yerli basketbolçular isə daha çox onları tamamlayır. “Nimburk” üçün yüksək tempi saxlamaq və daha effektiv rotasiyadan istifadə etmək vacibdir; məhz ilk oyunda da belə olmuşdu – balanslı ilk hissədən sonra ikinci yarıda üstünlük tam onların tərəfində idi”, - deyə klubun rəsmi saytı qeyd edib.
Zəki Feyzullayev
