“Tarix ehtimalları deyil, reallıqları sevir”.
İdman.Biz bildirir ki, bunu FIBA Avropa Kubokunun əsas mərhələsində mübarizəni dayandıran “Neftçi”nin baş məşqçisi Vitali Stepanovski deyib.
Mütəxəssis Report-a açıqlamasında komandanın Avropa Kubokunda çıxışını dəyərləndirib:
“Bu gün ehtimallardan çox danışmaq olar. Bu iki oyunu müqayisə etməyə ehtiyac yoxdur. “Sabah”la matçdan sonra komandanın əsas oyunçularından biri olan oyunqurucumuz Marko Siniki itirdik. “Abşeron Lions”a qalib gəldiyimiz ilk matçda Sinik oynamışdı. Lakin ikinci görüşdə yox idi. Üstəlik, ikinci qarşılaşmada qalib gəlmək kifayət etmirdi. Qələbə 28 xal fərqi ilə olmalı idi. Qrup mərhələsində hər bir oyun və xal böyük rol oynayır. İlk matçda “Trefl” qarşısında aldığımız ağır məğlubiyyət də öz təsirini göstərdi. “Kalev”lə səfər oyunu ən vacib matçlardan biri idi, amma heyətimiz zədələrə görə tam tərkibdə deyildi. Üstəlik, əsas oyunqurucumuzun xidmətindən istifadə edə bilmirdik".
Baş məşqçi çempionatdakı fasilədən səmərəli şəkildə yararlanmaq niyyətində olduqlarını söyləyib:
“Bununla belə, biz böyük iş gördük - üç oyunda qalib gəldik və irəliləmək üçün real şansımız var idi. Komandamızın hər bir üzvü ilə qürur duyuram və onlara minnətdaram. İrəliyə baxırıq. İndi çempionatda fasilə yaranacaq və bu müddətdən həm fiziki, həm də psixoloji olaraq yararlanmaq niyyətindəyik ki, uğurla çıxış edə bilək”.
Qeyd edək ki, “Neftçi” FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycanın digər təmsilçisi “Abşeron Lions”la birlikdə yer aldığı I qrupunu ikinci pillədə başa vurub. “Neftçi” “Abşeron Lions”a qrupdakı ilk matçda 104:86 hesabı ilə qalib gəlsə də, cavab görüşündə məğlub olub - 86:95.
